Tutulmalar zamanı Ay, Yer və Günəş fəzada demək olar ki, bir düz xətt boyunca yerləşirlər. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə cəmi 509′-lik bucaq əmələ gətirir.
Bu barədə AzerTimes-a Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bu fərqə görə biz hər ay deyil, Ay və Günəşin müəyyən konfiqurasiyasında tutulmaları müşahidə edə bilirik. Günəş tutulmasının baş verməsində Günəş və Ay diskinin görünən bucaq ölçüsünün eyni olması da mühüm rol oynayır.
2024-cü ildə iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma baş verəcək.
25 martda ilin ilk Ay tutulması baş verəcək. Bu tutulma yarımkölgəli Ay tutulmasıdır. Bu tutulma zamanı Ay tam kölgəyə keçmədiyinə görə tutulma o qədər də hiss olunmur. Yarımkölgəli Ay Tutulması Avstraliyanın şərq hissəsi, Cənubi və Şimalı Amerikada, Sakit Okean, Atlantik Okean, Arktika və Antarktida da, Avropanın qərb hissəsində müşahidə olunacaq. Bakı vaxtı ilə saat 08:53-də başlayacaq və saat 13:32-də bitəcək, tutulmanın maksimumumu saat 11:12-də olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda yerləşdiyinə görə tutulma Azərbaycandan müşahidə olunmayacaq.