Axtarışda olan şəxs narkotik vasitənin təsiri altında avtomobil
idarə edərkən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən
AzerTimes-a verilən məlumata görə, Yol-Patrul Xidməti Alayının
əməkdaşları Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən
hissəsində “Opel” markalı, 99-XJ-379 dövlət qeydiyyat nişanlı
avtomobilin sürücünün hərəkətləri şübhə doğurduğundan nəqliyyat
vasitəsini saxlayıb. İlkin araşdırmadan sonra tibbi müayinəyə cəlb
edilən sürücü Elnur Əliyevin narkotik vasitədən istifadə etməsi
müəyyən olunub.
Bakı şəhər sakini Elnur Əliyev barəsində Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə
inzibati protokol tərtib edilib, bununla yanaşı onun borclu
qismində axtarışda olması da müəyyən edildiyindən o, Salyan Rayon
Polis Şöbəsinə təhvil verilib.