Tez-tez haqqımda ordan-burdan belə bir zırrama ittiham eşidirəm ki, guya mən hər evnə artıq mistikləşdirilmiş anlayışlar olan haqsızlığa, ədalətsizliyə qarşı səsimi çıxarmadığım üçün bir qəpiklik insan və yazıçı, şair deyiləm. Və bunu mənim qorxaqlığıma bağlayırlar.
Çünki gerizəkalıdırlar!
Bilmirlər ki, yaradıcı şəxslərin boynuna haqsızlıq, ədalətsizlik mücahidi olmaq öhdəliyini qoyan marksizm ideologiyası idi. Nə qədər ki, lideral dəyərləri müdafiə edən institutlar formalaşmamışdı, bu sosial missiya sözü hər evə, hər kəsə çata bilənlərin boynuna yüklənmişdi.
Elə ki haqq və hüquqları müdafiə edən institutlar formalaşdı, Qərbdə yaradıcı adamların haqsızlıqdan, ədalətsizlikdən dəm vurması yaradıcılığa dəxli olmayan havayı pərəstişkarları ovlama hiyləgərliyi kimi qələmə verildi.
Yazıçı, şair haqq və hüquq müdafiə edəcəksə, Novella Cəfəroğlu nə iş görəcək? Minlərlə vəkil nəyə lazım olacaq? Yüzlərlə qeyri-hökumət təşkilatının yanan barmağa nə faydası toxunacaq?
Ümumiyyətlə, bu gün haqq və hüquqların beşiyi olan ölkələrin yazıçı və şairləri qlobal siyasətin törətdiyi haqsızlıq və ədalətsizliyə belə biganədir. Yalnız Türkiyə kimi solçuluğu siyasi pop, romantik nazimizm kimi yaşayan ölkələrdə qalıb yazıçı, şair çegeavaralığı. Bunun ən yaxşı nümunəsini Alberto Manquel yazıb “Borxesin evində” kitabında. Dörd il kor Borxesə kitab oxuyan Manquel yazır ki, Argentina və dünya siyasi olaylarla dağılırdı, Borxes Nil pələngləriylə maraqlanırdı.
Müasir dünyada sənət – sənəti maraqlandıran mövzularla məşğul olmalıdır. Hətta iki dünya müharibəsində əli qana batan bir ölkənin yazarı Herman Brox XX əsrin əvvəlində bunu daha konkret bir deviz halına salmışdı: “Roman romana lazım olanı kəşf etməlidir”.
Azərbaycanda nə baş verir? Öz mətninin gücüylə oxucuların diqqətini çəkə bilməyənlər insan topaları axtarırlar ki, onların gündəminə qahmar çıxıb özlərindən bu topalar üçün əziz-girami düzəltsinlər. Bu gün Azərbaycan yazıçı və şairi üzünə ya bir dindar, ya bir müxalifətçi, ya bir qanuni oğru, ya da bir meyxanapərvər maskası taxıb havayı pərəstişkar dilənməklə məşğuldur (Hamısı deyil əlbəttə).
Ona görə ortada hər cür dəyəri olan əsər var, ədəbi dəyəri olandan başqa…
Qorxmağa gəlincə, Azərbaycan yaradıcı insanının qorxduğu elə vahiməli fiqurlar, dəyərlər var ki, siyasi hakimiyyət onlarla müqayisədə muştuluqdu.
Və bu illər ərzində biz gördük ki, siyasi hakimiyyəti tənqid edənlərə Azərbaycanda cəzadan çox nəyinsə muştuluğunu verirlər.