Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində
ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan,
cəmiyyətə açıqca hörmətsizlik ifadə edən sürücü saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, şəhər
sakini Asif Əzizov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə
davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq
hərəkətləri edib və həmin əməllərini özünün “Tik Tok” sosial şəbəkə
hesabında paylaşıb.
İntizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar
Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib
olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il
müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs
olunub.