Avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkədə paylaşan şəxs həbs edilib.
Daxili İşlər Nazirliyindən (DİN) AzerTimes-a verilən məlumata görə, Bakı şəhər sakini Şəmsi Vəliyev idarə etdiyi VAZ-21074 markalı avtomobillə Xətai rayonu ərazisində hərəkətdə olarkən ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdiyi və bu növ videoları sosial şəbəkələrdə paylaşaraq insanların haqlı narazılığına səbəb olduğu üçün Xətai rayon DYP şöbəsinin Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Müvafiq sənədləşdirmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Vəliyevin əməlinə hüquqi qiymət verilərək o, inzibati qaydada həbs edilib.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə daha bir qayda pozuntusu daha aşkar edilib. Belə ki, Bakı şəhər sakini Kənan Yusubov VAZ markalı avtomobil üzərində qanunvericiliklə qadağan olunan konstruksiya dəyişikliyi apararaq onu bu vəziyyətdə idarə etdiyi üçün saxlanılıb, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilməklə barəsində inzibati tənbeh tədbiri görülüb.
Bir daha sürücülərin diqqətini çatdırmaq istərdik ki, yol hərəkəti qaydalarını pozaraq özlərini və ətrafdakı insanların həyatını təhlükəyə atmasınlar, nəzərə alsınlar ki, bu növ qayda pozuntularının hər biri diqqət mərkəzində saxlanılır və qayda pozan hər bir şəxs aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.