Globalinfo.az saytının təsisçisi və baş direktoru Azər Ayxanın AzerTimes-a müsahibəsi:
– Bu gün Globalinfo.az-ın bir yaşı tamam olur. Bir yaşınızda sizə “bacardınızmı” yox, “necə bacara bildiniz” sualı ilə müraciət etmək daha doğru olardı. Globalinfo.az yaşından çox böyük görünür. Bu uğura necə nail oldunuz?
– Globalinfo.az saytının uğur qazanmasının səbəblərindən biri gördüyümüz və görəcəyimiz işlərə inanmağımızdı. Biz kollektivi formalaşdıranda heç vaxt onlarla həyatda üz-üzə gəlməmişdik, şəxsi tanışlığımız yox idi. Bəziləri ilə 2-3 gün əvvəldən görüşdük, bəziləri ilə isə Vatsap üzərindən danışaraq tanış olduq. Ofisdə yığışdığımız ilk gündən saytımızın uğurlu olacağına inandıq. Bir-birini tanımayan insanlar bir yerə yığışır və ortaya uğurlu bir layihə qoyur. Çox şükür ki, həm oxucularımızdan, həm media nümayəndələrindən bu bir ildə hər zaman “siz bacardınız” ifadəsini eşidirik. Hər uğurda və hər mərhələdə bizə dəstək olan dostlarımıza minnətdarıq. Onların dəstəyi və bizim haqqımızda dediyi xoş sözlər ciddi motivasiya oldu və bizə güc-qüvvət verdi. Uğurumuzun sirri budur.
– 51 yaşlı əməkdar jurnalist, peşəkar media adamı saytının 1 yaşını hansı hisslərlə qarşılayır?
– Bu, bizim üçün də çox maraqlıdır. Bu yaşda yeni bir sayt qurmuşam və onun 1 yaşını görürəm… Əgər yaş faktorunu qabartsaq, Globalinfo.az-ı nəvəm olaraq təsvir edərdim (gülür). Onu da qeyd edim ki, saytımızın bir yaşı olsa da, burda çalışan insanların təcrübəsi və peşakarlığı illərə dayanır. Söhbət tək məndən getmir, iş yoldaşlarım və kollektivimiz çox ciddi təcrübəyə malikdir. Ən əsası – arxayınlaşmırıq ki, bura qədər gəldik, bəsdi, dincələk. Siz də bilirsiz, media işində nəfəs almaq mümkün deyil. Bu bir yarışdır. Xüsusi ilə onlayn mediadasansa, 24 saat çalışmalısan ki, bu yarışda geri qalmayasan.
– Qarşınızda, yanınızda və arxanızda kimlər var? Rəqib saydığınız və rəqabət apardığınız saytlar…
– Biz özümüzlə rəqabət aparırıq. Hələ ki kimləsə rəqabət aparmaq uyğun olmaz. Çalışırıq ki, mayak rolunu oynayan saytları izləyək və özümüzə ona uyğun çəki-düzən verək. Amma yarışdığımız həm zamandı, həm də özümüzük. Bir şüarımız var: “Daha yaxşısını edə bilərik!” Bu şüar bizi uğurdan-uğura apara bilən bir düsturdur. Globalinfo.az “evə bir tikə çörək aparım” fikrindən yaranan bir sayt deyil, onun məqsədi həqiqətən də qlobaldı.
– Globalinfo.az fərqli platforma kimi boy göstərir, halbuki “Yeni Müsavat”ı təkrarlayacağını gözləyənlər də vardı. Çünki formalaşdığınız dövr o ana qəzetə aiddir. Bu dəyişikliyi şərtləndirən səbəb varmı?
– Təbii… Bu məsələdə mənim öncədən müəyyənləşdirdiyim fikir odur ki, biz təkrar yox, yeni yoldan davam edək. Sizin dediyiniz kimi alınıbsa, bu tək mənim deyil, kollektivin və saytın baş redaktoru Aşqin Evrənin əməyidir. Aqşin tam media rəhbəri, redaktor kimi yetişmiş bir kadrdır. Yeri gəlmişkən, o, AzerTimes saytının yetirməsidir. O cümlədən komanda və müxbir heyəti də bu məsələdə olduqca ciddi şəkildə irəli gedirlər. O ənənəçilikdən kənara çıxa bilirik. İşləyə-işləyə hansı variant daha uyğundur, hansı mövzu-başlıq bizə uğur qazandırar, bunun müzakirəsini aparırıq. Əgər burda mənim eqom rol oynasa idi, o zaman çətin olardı. Bəzən bir cümlənin belə müzakirəsini aparıb, səsverməyə çıxarırıq. Bəzən mən seçilən başlıqla razılaşmasam da, çoxluğa tabe oluram.
– Siz “Yeni Müsavat”dan niyə ayrıldığınızı hələ də ictimai şəkildə elan etməmisiniz. Bu ayrılığın səbəbləri haqda danışmağın vaxtı çatmayıbmı?
– Mən həyatımın o səhifəsini bağlamışam. Bu haqda ümumiyyətlə danışmaq istəmirəm.
– Fürsətdən istifadə edib, bir az da mediamız haqda danışaq, amma tərifli cəhətlərimizdən yox. Mediamızda nə çatmır və nə görmək istərdiniz?
– Azərbaycan mediası peşəkarların çiyni üzərindədir. O peşəkarların meydanı, arenası həm genişlənməli, həm də “stadionun örtüyü” daha müasir ot örtüyü – avadanlıqlarla döşənməlidir. Buna da şübhəsiz ki, dövlət dəstəyi olmalıdır. Müəyyən mənada mediaya dəstəklər olur – həm ayaqda qalsın, həm də xaricdən uzanan əllərdən asılı olmasın deyə. Amma yardım və dəstək həm çoxaldılmalıdır, həm də dövlətin himayəsi və yardımı media azadlığını azaltmamalıdır. Əksinə, artırılmalıdır. Çünki biz çox ciddi bir rəqabət olan mühitdəyik. Həm ölkə daxilindəki müəyyən dairələr, dəstələr Azərbaycan media mühitini çox ciddi şəkildə kirləndirir, həm də xaricdən maliyyələşən və yayımlanan söyüş, təhqir mediası ölkənin informasiya mühitini toksikləşdirir – bura düşmən mediası və erməni diasporundan asılı beynəlxalq KİV-i də əlavə edin. Belə bir çətin şəraitdə və heç bir qayda-qanun tanımayan oyun şərtlərində dövlət medianın daha yaxşı olması üçün səxavət kisəsinin ağzını daha geniş açmalıdır. Maliyyə cəhətdən medianın imkanı yaxşı olanda, inkişafını da görəcəyik. Bu, ilk növbədə milli maraqlarımızdır və dövlətin strategiyasıdır. Əlbəttə ki, seçim də peşəkarlardan yana olmalıdır.
– Bir müddət öncə sensasiya sayıla biləcək yazı ilə çıxış etmişdiniz – 2024-ün ciddi islahatlar ili olacağı və bunun mediamızı da əhatə edəcəyi ilə bağlı. Media hissəsini bir az genişləndirək: 2024-də mediamızda hansı islahatlar gözlənilir və siz özünüz nələri proqnozlaşdırırsınız?
– Əslində bir sıra islahatların vaxtı nəinki çatıb, hətta keçib. Dövlət də bunun fərqindədir və addımlar atmaq üçün hazırdır. Müşahidələrimə görə, dövlət mühitin və şərtlərin yenilənməsi üçün lazım olan addımları atmaq istəyir. Amma bəzən medianın içindəki avtoritetlərin iradəsi bu məsələdə dövləti gözləməyə vadar edir. İdarəçilikdə gözlənilən dəyişikliklər isə mütləq olacaq. Çünki Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib, bütün ərazilərində Bayrağını dalğalandırıb. Bu son 100 ildə rast gəlinməyən bir hadisədir. Əgər bu gün biz Xankəndi, Şuşa, Xocavənd və digər torpaqlarımızı işğaldan azad etmişiksə, bu özü artıq yeni bir mərhələnin başlandığı deməkdir. Dövlət heç vaxt eyforiya ilə idarə olunmur, qələbənin yaratdığı eyforiya artıq yerini real məntiqə buraxıb. Bu dövrdə isə idarəçilikdə çox ciddi islahatların olması qaçılmazdır. Hakimiyyətin bütün qollarında – icraedici, qanunverici, məhkəmə qollarında və o cümlədən qeyri-rəsmi dördüncü hakimiyyət sayılan mediada islahatlar aparılacaq. Bu islahatlar zatən zaman-zaman aparılır. Sadəcə olaraq, bəzən bizim gündəlik həyatımızda olduğu üçün biz buna çox diqqət edə bilmirik. Dörd il bundan əvvəl Azərbaycan hakimiyyəti, demək olar ki, yeniləndi. Biz onun məntiqini anlaya bilmirdik. Bir neçə aydan sonra Vətən müharibəsi başladı: torpaqlarımızı azad edəndə anladıq ki, hakimiyyətdəki məlum dəstə niyə hakimiyyətdən uzaqlaşdırıldı. Artıq müharibə başa çatıb, separatizmin kökü kəsilib, bunun başında dayanan xeyli separatçı Bakıda həbsdədir. Ona görə də növbəti mərhələ üçün yeni addımlar atılmalıdır. İnanıram ki, qısa müddətdə ciddi yenilənmələr görəcəyik.
P.S. AzerTimes kollektivi olaraq həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq.