Avtomobillərin texniki müayinəsində yenilik tətbiq edilib, artıq
avtomobillərin alt işlək hissələri də xüsusi texniki vasitələrlə
yoxlanılır.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Baş
Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan
keçirilməsi ilə bağlı sürücülərə müraciət edərək bildirir ki,
nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi
ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan
avtomobillərini texniki baxışdan keçirməlidirlər. Bunun üçün Bakı,
Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın
Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki
Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış
massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat
vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın
digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu
Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış
şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər.
Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən
avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.
Sürücülərə Ramazan bayramı ilə əlaqədar olaraq qeyri-iş
günlərindən istifadə edib avtomobillərini texniki baxışdan
keçirmələri tövsiyə olunur. Bununla bağlı Texniki Müayinə
Mərkəzləri bayram günlərində gücləndirilmiş iş rejimində səhər saat
09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcəklər.
Artıq bir müddətdir ki, avtomobillərin texniki baxışı zamanı
yenilik tətbiq edilir. Bütün texniki Müayinə Mərkəzlərində
nəqliyyat vasitələrinin alt işlək hissələri də dəqiqliklə
yoxlanılır. Asqıların və sükan mexanizmlərinin nə qədər saz
vəziyyətdə olması xüsusi texniki vasitələrlə müəyyən edilir.
Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər
50 manat məbləğində cərimə edilir. Bundan başqa vətəndaşlar
avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları
maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-511-08-40
nömrəli qaynar xəttlə də əlaqə saxlaya bilərlər.