Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycanda artıq qış fəsli başlayıb. Bu isə sürücülərin avtomobilini qış rejminə hazırlamasını qaçılmaz edir.
Qarlı və yağışlı hava şəraitində avtomobil idarə etmək təhlükəlidir.
Bunu Trend-ə avtomobil təmiri sahəsində tanınmış mütəxəssis olan, “Sahil usta” adı ilə tanınan Sahil Ağabəyli bildirib.
Onun sözlərinə görə, ilk növbədə məsləhət görərdim ki, sürücülərimiz avtomobillərin təkərləri dəyişərək, qış təkərinə keçsinlər.
O bildirib ki, qışda mütləq şəkildə qarda və buzda gedə bilən təkərlərdən istifadə edilməlidir ki, tıxacda olarkən, yüksəkliklərə qalxarkən və ya enişdən enərkən problemlər yaşanmasın. Lakin qış təkərlərinə keçməzdən öncə avtomobilin ön və arxa hissədə olan çatışmazlıqlar aradan qaldırılmalıdır. Təkərlə yanaşı qış rejiminə keçid zamanı digər mexanizmlərə də diqqət edilməlidir. Belə ki, qış aylarında yaş asfaltda avtomobilin sürüşməsi halları olsa da, yay aylarında bu baş vermir. Bu səbəbdən avtomobilin şassisində “şarovoy” dediyimiz kürəvi və yaxud “tyaqa”ların hər hansının problemi varsa, bunları dəyişsinlər. Həmçinin avtomobili “razval” etdirdikdən sonra təkərləri dəyişsinlər ki, qışda problem yaşamasınlar”.
Ustanın sözlərinə görə, avtomobili qış rejminə hazırlayarkən təkərlərlə yanaşı, maşında istifadə edilən yağların da dəyişdirilməsinə ehtiyac var:
“Sürücülərin çoxu yay aylarında mineral yağlardan və yaxud yarımsintetik yağlardan istifadə edirlər. Qış aylarında avtomobillərin yayda işlətdiyi yağlardan istifadə etmək düzgün deyil. Havalar soyuyanda sürücülərin sintetik yağlardan istifadə etməyi məsləhət görülür. Bu mühərrikin tez işə düşməsini təmin edəcək”.
Onun sözlərinə görə, qış aylarından sürücülərin tez-tez rastlaşdığı problemlərdən biri də mühərrikin donmasıdır. “Mühərrikdə yaranan donmanın qarşısını almaq üçün antifriz maddəsi dəyişilməlidir. Qış mövsümü gələn zaman antifrizi tamamilə dəyişmək mütləqdir. Ola bilsin ki, sürücü yay aylarında buxarlanma olduğu üçün onun üzərinə su əlavə edə bilər. Belə olan hallarda qışda dəyişsələr daha yaxşı olar. Hərə öz ustasına yaxınlaşıb, antifrizin tərkibini yoxlatdırmalıdır. Antifriz madddəsinin neçə dərəcədə donması xüsusi aparatla ölçülür. Normada bu maddə şaxtaya dözümlü olmalıdır. Əgər standartlara uyğun deyilsə, donmağa həssas olan maddə tamamilə mühərrikdən çıxarılmalıdır.”