Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112”
qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində
yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə
sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına
istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb
olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Honda”
markalı minik və “MAN” markalı betonqarışdıran avtomobillərin
iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hər iki
avtomobildə vətəndaşların sıxılı vəziyyətdə qaldığı müəyyən
olunub.
Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından
istifadə etməklə sıxılı vəziyyətdə “Honda” markalı avtomobildə
qalmış 2 nəfəri və “MAN” markalı betonqarışdıran avtomobildə qalmış
1 nəfəri xilas edərək təcili tibbi yardım briqadasına təhvil
veriblər.