Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan 187 saylı marşrutun sürücüsü Orxan Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı araşdırması başa çatıb.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənə hökm elan edilib.
Dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək Orxan Səfərovun 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə onun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Məhkəmə heyəti qısa müşavirədən sonra hökmü elan edərək Orxan Səfərovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini qərara alıb. O, məhkəmə zalından həbs olunub.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Bakı sakini Elnur Novruzovun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Orxan Səfərovun idarə etdiyi 187 nömrəli xətt avtobusunun toqquşması nəticəsində E.Novruzov və sərnişin Gülü Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobusun sürücüsü O.Səfərov isə xəstəxanaya yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.