Nəqliyyatda yeni islahatlar

Nəqliyyatda yeni islahatlar

Bakıda fəaliyyət göstərən marşrut xətti sahibləri sürücü işə götürə bilməyəcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mais Ağayev bildirib. Qurum rəsmisi bu səlahiyyətin sahibkarlardan götürüldüyünü deyib və bunu marşrut xətti rəhbərlərinin tanışlıq və qohumluq əlaqələri hesabına xeyli səriştəsiz insanları işə götürmələri ilə izah edib.

“Sürücülərin təlim keçməsi üçün Bakı Nəqliyyat Agentliyinin nəzdində sürücü təlim mərkəzi yaradılıb. Burada sürücülərə etik davranış, avtomobil idarəetmə, yol hərəkət qaydaları və gözlənilməz vəziyyətlərlə bağlı təlimlər keçiriləcək. Yalnız bundan sonra daşıyıcılar quruma sürücü üçün müraciət edəcək və onların marşrut xəttinə istənilən sayda peşəkar sürücü yönəldiləcək”.

Mais Ağayev həm də qurumun qeydiyyatından keçən bütün sürücülərin fəaliyyəti ilə bağlı vahid sürücü bazasını yaradıldığını və bu sistemin ilin sonunadək hazır olacağını deyib. Bu da hər hansı qəza törədən, intizamsız hərəkət edən, nöqsanları qeydə alınan sürücülərin başqa marşrut xəttində rahatlıqla işə düzəlmələrinin qarşısını alacaq.

2-ci şad xəbər:

Artıq paytaxtın bir sıra mərkəzi küçələrində avtobusların hərəkəti üçün xüsusi zolaqlar çəkilib. Bu sərnişinlərin rahat və vaxtında hərəkətinin təmin olunmasına xidmət edir. Çünki həmin yollarla yalnız avtobuslar hərəkət etdiyindən avtobuslar tıxacda qalmır və sərnişinlər vaxt itirmir.

Bu yollara avtobuslardan başqa digər nəqliyyat vasitələrinin daxil olması qadağandır və yola daxil olan nəqliyyat vasitələri cərimələnə bilərlər. Amma bəzi sürücülər həmin yollara keçməklə nəinki qayda pozur, həm də ictimai nəqliyyatın hərəkətində çətinliklər yaradır. Bu qayda pozuntusu isə həmin sürücülərə heç də ucuz başa gəlməyəcək.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələrindən başqa heç kim bu yollardan istifadə edə bilməz. Əks halda cərimələnəcəklər: “Yol nişanının tələbinin pozulmasına görə 40 manat nəzərdə tutulur. Həmin zolaqda dayanmaq və durmaq olmaz. Bu zolağa giriş-çıxış yalnız avtobus sürücüləri üçün nəzərdə tutulub”.

marsrut