Avstraliyalı mütəəxssislər nəfəs verilən zaman çıxan havada koronavirusun olub-olmadığını müəyyən etməyə imkan verən cihaz yaradıblar.
Trend xəbər verir ki, bu barədə məlumatı yerli 9News telekanalı yayıb.
“Examine Holdings” texnoloji şirkətinin mütəxəssisləri adi alkotester əsasında nəfəs verilən zaman qayatarılan havada SARS-CoV-2-nin mövcudluğunu aşkar etməyə imkan verən cihaz yaratmağa nail olublar.
“Bu, istifadəsi çox asan bir cihazdır. Lazım olan tək şey cihazdakı xüsusi dəliyə beş saniyə ərzində nəfəs verməkdir. Tester tənəffüs edilən havanın tərkibində olan maddələrin təhlilini aparacaq və COVID-19 üçün analizin nəticəsini kodlaşdıraraq, QR kodu verəcək”, – deyə Examine Holdings-in direktoru Kolin Hikki bildirib.
O qeyd edib ki, testin cavabını bir neçə dəqiqə sonra, QR kodu müvafiq cihazla oxuyaraq almaq olar.
Cihazın ilkin sınaqları sübut edib ki, onun dəqiqliyi azı 98% təşkil edir və o, koronavirusun mövcudluğunu infeksiyadan dərhal sonra aşkar etməyə qadirdir.
Avstraliyanın Sənaye Naziri Anqus Taylor bildirib ki, hökumət bu şirkətə inkişaf səylərində ehtiyac duyduğu dəstəyi göstərmək üçün səbirsizliklə gözləyir. Federal hakimiyyət orqanları artıq Examine Holdings-ə cihazın sınaqdan keçirilməsi və sənaye istehsalının təşkili üçün gələcək işləri maliyyələşdirmək üçün təxminən 464 min ABŞ dolları məbləğində qrant təklif edib.
Şirkət bu ilin martında test cihazının kütləvi istehsalına başlamağa ümid edir ki, 2022-ci il aprelin sonu və ya may ayının əvvəlində açıq satışa çıxsın.