İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2022”
beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək
iştirakçının adını açıqlayıb. Bu il ölkəmizi İtaliyanın Turin
şəhərində “Səs Azərbaycan” müsabiqəsinin qalibi, istedadlı ifaçı
Nadir Rüstəmli təmsil edəcək.
İctimai TV-də yayımlanmış beynəlxalq lisenziyalı “Səs
Azərbaycan”ın böyük finalında tamaşaçıların dəstəyini almış və səs
çoxluğu ilə qalib seçilmiş gənc müğənni Nadir Rüstəmli 1999-cu ildə
Salyan şəhərində doğulub və uşaq yaşlarından musiqi ilə məşğul
olub. O, 2019-cu ildə “Youthvision” beynəlxalq tələbə mahnı
müsabiqəsində ölkəmizi təmsil edib və 21 ölkə arasında Azərbaycana
2-ci yeri qazandırıb.
Ölkəmizin “Avroviziya-2022”də təmsil olunması üçün mahnı seçimi
üzrə qəbul mərhələsi bu müsabiqənin rəsmi yayım hüququna sahib olan
İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən başa
çatdırılıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, tanınmış bəstəkar İsa
Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib: “Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar
mahnı axtarmağa çalışırıq. Özümüzə sadiq qalaraq, mahnı seçimində
bu il də ilk növbədə onun ifaçının səsi və ifa tərzi ilə nə
dərəcədə uzlaşacağına önəm verəcəyik. Seçim prosesi mart ayının
2-ci həftəsində başa çatacaq və mahnı elan olunacaq”, – deyə
İ.Məlikov paylaşıb .
Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Avroviziya-2022”
mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də,
final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.