Ukraynada keçirilən “Avroviziya-2017” mahnı müsabiqəsinin bu gecə baş tutan ikinci yarımfinalında son on finalçının adına aydınlıq gəlib.
Yarışmanın rəsmi saytına istinadən xəbər verir ki, növbəti finalçılar bunlar olub:
– Bolqarıstan;
– Belarus;
– Xorvatiya;
– Macarıstan;
– Danimarka;
– İsrail;
– Rumıniya;
– Norveç;
– Niderland;
– Avstriya.
Beləliklə, mayın 13-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub. Finala vəsiqə qazanmış təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunacaq.
Xatırladaq ki, Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində “Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.
Müsabiqənin mayın 9-da keçirilmiş birinci yarımfinalında 10 ölkə finala vəsiqə qazanıb. Bunlar Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika və Ermənistandır.
Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr – müsabiqənin bu ilki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edir.