Avropanın Çin qorxusu: Limanlar nəzarətə götürülür!

Avropanın Çin qorxusu: Limanlar nəzarətə götürülür!

Avropa Parlamenti Avropanın dəniz təhlükəsizliyi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə qitəyə aid olmayan dövlətlərin dəniz limanlarına yatırımlarının məhdudlaşdırılması vacibliyi göstərilib.

AzerTimes xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd edilib.

Təhlildə bildirilib ki, “xarici dövlətlər” dedikdə Çinin nəzərdə tutulduğu aydındır:

“Çünki Avropa limanlarına qitədən kənar ölkələr arasında ancaq Çin maraq göstərir və yatırımlar qoyur. Misal üçün Çinin və dünyanın ən nəhəng dövlət daşıma şirkəti olan COSCO Yunanıstanın Pirey limanının səhmlərinin 67 faizinə sahibdir. Bu o deməkdir ki, həmin limana daşınan mallar və limana yaxınlaşan gəmilər Çinin nəzarətindədir. Brüsseli narahat edən də budur.

Avropanın Çindən artan iqtisadi asılılığını avropalı ekspertlər də vurğulayırlar. Avropa ilə Çin arasında daşımaların əsas hissəsini məhz COSCO şirkəti həyata keçirir. Brüssel xarici yatırımlarda maraqlı olsa da, Çindən artan asılılığın gələcəkdə Avropa üçün siyasi problemlər yaradacağı qənaətindədir.

Avropa Parlamentinin qətnaməsində Çinin yatırımları və dəniz limanlarına nəzarəti vasitəsilə Avropada kəşfiyyat işinin genişləndirəcəyi təhlükəsi barədə də qeydlər var. Avropada ehtiyat edirlər ki, Çin Avropadakı limanlar vasitəsilə hərbi-sənaye kompleksinin inkişafı üçün daşımalar da həyata keçirə bilər. Brüsseldə hesab edirlər ki, Çin iqtisadi yatırımlarını artırdıqdan bir müddət sonra Avropaya siyasi istəklərini də diktə etməyə başlayacaq”.

Analizdə vurğulanıb ki, “Politiko” nəşri Avropa Komissiyasının üzv ölkələrə xəbərdarlıq göndərdiyini yazıb:

“Xəbərdarlıqda bildirilib ki, texnologiya sahəsində strateji araşdırmaların nəticələrini Çinlə bölüşməyin! Çünki Avropa Komissiyası hesab edir ki, Pekin həmin nəticələrdən texnologiyalarını inkişaf etdirmək üçün istifadə edəcək. Buna görə də Brüssel Avropada texnoloji araşdırmaların və elmi yeniliklərin bir mərkəzdə cəmləşməsinin tərəfdarıdır”.

Teqlər: