Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri Brüssel Çex Mərkəzinin Brüssel şəhərində keçirdiyi “Bir Dünya-2021” (One World) sənədli filmlər festivalının təşkilatçılarına etiraz bəyanatı ilə müraciət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, bəyanatda bildirilib ki, insan haqları barədə sənədli filmlər festivalının siyahısına, digər ölkələrlə yanaşı, qondarma Dağlıq Qarabağın adının salınması yolverilməzdir. Festival təşkilatçılarının diqqətinə çatdırılıb ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və ölkəmizin ayrılmaz tərkib hissəsidir.
Ermənistanın torpaqlarımızı işğal etdiyi və bu qəsbkar siyasəti 30 ilə yaxın dövrdə davam etdirdiyi, Azərbaycanın öz əzəli torpaqlarını BMT-nin 4 qətnaməsinə əsasən 2020-ci ilin payızında təkbaşına azad etdiyi kimi faktlar yada salınıb. Qeyd edilib ki, Ermənistan dünyanın və beynəlxalq ictimaiyyətin gözü qarşısında illərlə Dağlıq Qarabağda və ona bitişik 7 rayonda etnik azərbaycanlıların yaşamaq hüququnu əlindən alıb, əhalimizi amansız və dəhşətli soyqırımlara, terrora məruz qoyub, Azərbaycan şəhərlərini və kəndlərini dağıdıb, tarixi, mədəni irsi, ətraf mühiti və təbii sərvətlərimizi məhv və talan edib. Üstəlik, minaladığı ərazilərimizin xəritələrini verməkdən imtina etməklə öz doğma torpaqlarına qayıtmağa can atan mülki vətəndaşlarımızın həlak olmasına və ya ağır yaralanıb əlil durumuna düşməsinə səbəb olur.
Soydaşlarımız festival təşkilatçılarını Qarabağla bağlı hər hansı mövzunu seçərkən deyilənləri nəzərə almağa çağırıblar.
Qeyd edək ki, Çexiyanın Xarici İşlər Nazirliyinin yardımçı təşkilatı və Avropa Birliyinin Milli Mədəniyyət İnstitutları ((European Union National Institutes for Culture) şəbəkəsinin üzvü olan Brüssel Çex Mərkəzi 1997-ci ildə yaradılıb.