Niderland Krallığındakı “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun rəhbəri Kəmalə Ceylinovanın və Almaniyanın Nürnberq şəhərindəki “Mədinə” Türk-İslam Muzeyinin baş direktoru Cəmaləddin Özdəmirin təşkilatçılığı ilə “Tariximiz dünən və bu gün” mövzusunda virtual səyahət layihəsi gerçəkləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Avropada fəaliyyət göstərən hər iki təşkilatın məqsədi pandemiya məhdudiyyətləri zamanı muzeyləri ziyarət edə bilməyən övladlarımızı Türk-İslam Dünyasının, o cümlədən Azərbaycanın tarixi və mədəniyyəti ilə əlaqədar bilgilərlə tanış etmək, beynəlxalq aləmə Azərbaycanın və Türk dünyasının yüksək milli-mənəvi dəyərlərini çatdırmağın yollarını göstərməkdir.
Svetlana Osmanlının moderatorluğu ilə baş turan tədbirə Kanadadan Azərbaycan dili müəllimi Yeganə Cəfərova, Niderland Krallığından “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Belçika–Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, Türkiyədən Elif Səlçuk, Oman Sultanlığından Sultan Qabus Universitetinin fortepiano müəllimi Vüsalə Yusif, Azərbaycandan Bakı Türk Anadolu Liseyinin müdir müavini Meral Bahar və ümumilikdə 100-dən çox izləyici qatılıb.
Virtual səyahət zamanı Cəmaləddin Özdəmir muzeyin hər bir guşəsində olan exsponatları nümayiş etdirib və onlar barədə ətraflı məlumat verib. Tədbir iştirakçıları maraqlı layihəyə görə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarına, Türk Dünyasının uğurlu təbliğatını təşkil edən Azərbaycan və Türkiyə diasporlarının hər bir üzvünə minnətdarlıqlarını bildiriblər.