Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək (FOTO)

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək.

Trend xəbər verir ki, bununla bağlı qərar EANA-ya üzv xəbər agentliklərinin növbədənkənar toplantısında qəbul edilib. Videoəlaqə ilə baş tutan iclasda təşkilata üzv olan 30 agentliyin rəhbərləri, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iştirak edib.

Müzakirələr zamanı iştirakçılar Avropada koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər, karantin rejimi və təhlükəsizlik məsələsini nəzərə alaraq Baş Assambleyanın onlayn şəkildə keçirilməsinin məqsədəuyğun olduğunu bildiriblər. Bu il mayın 19-21-də keçirilməsi nəzərə tutulan toplantı ilə yanaşı, qurumun yaz konfransının da təşkili planlaşdırılır.

Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olunub. Dünya informasiya siyasətinə mühüm təsir imkanlarına malik bu media təşkilatı öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir. Alyansa France Press (Fransa), Press Associated (Böyük Britaniya), Anadolu (Türkiyə), APA (Avstriya), DPA (Almaniya), EFE (İspaniya) və digər informasiya agentlikləri daxildir. Keçmiş sovet ölkələri arasında EANA-ya yalnız AZƏRTAC, TASS və Ukrinform agentlikləri üzvdür.

Teqlər: