Avropa Şurasının mütəxəssisləri Mətbuat Şurasında olublar (FOTO)

Bu gün Avropa Şurasının layihələrin qiymətləndirilməsi üzrə
mütəxəssisləri Anne-Laure de Coincy və Juliette Bertrand Azərbaycan
Mətbuat Şurasında olublar.

Şuradan AzerTimes-a bildirilib ki, qonaqları salamlayan MŞ sədri
Əflatun Amaşov onları rəhbərlik etdiyi qurumun Avropa Şurasının
Bakı ofisi ilə təmsaları haqqında məlumatlandırıb. O bildirib ki,
Şura Avropa Şurasının Bakı ofisinin dəstəyi ilə jurnalistlərin peşə
hazırlığının yüksəldilməsi istiqamətində kifayət qədər faydalı
layihələr reallaşdırılmaqdadır və mövcud istiqamətdəki qarşılıqlı
əməkdaşlıq artıq ənənə halını alıb.

MŞ sədri həmçinin bildirib ki, Avropa Şurasının Bakı ofisi
tərəfindən istər jurnalistlərin peşə davranışı qaydalarına, istər
seçkilərin mediada işıqlandırılmasına, istər pandemiya
reallıqlarının, istərsə də gender əsaslı zorakılıq və məişət
zorakılıqlarının kütləvi informasiya vasitələrində təqdimatına dair
təlimləri böyük maraqla qarşılanıb. Layihələr çərçivəsindəki digər
tədbirlər konkret mövzulara diqqət göstərilməsi ilə yanaşı, ümumən
jurnalistikanı narahat edən məsələlərin müzakirəsinə geniş yer
verilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Avropa Şurasının layihələrin qiymətləndirilməsi üzrə
mütəxəssisləri Anne-Laure de Coincy və Juliette Bertrand təmsil
olunduqları qurumun qiymətləndirmə standartları barədə söz açıblar.
Onlar həmçinin media fəaliyyətinə yönələn layihələrin Avropa Şurası
üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Görüşdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb,
qarşılıqlı maraq doğuran məqamlara aydınlıq gətirilib, suallar
cavablandırılıb.

Teqlər: