Qərb dövlətləri nəzərə almalıdırlar ki, Rusiyanın Ukraynada qələbəsi həm də NATO üzərində qələbə olacaq. Ukraynanı lazımi silahlarla təmin etmək sülhü uzaqlaşdırmır, yaxınlaşdırır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Soyqırım, həbslər, islah düşərgələri, qırğınlar və dağıntılar üçün silahdan başqa cavab yoxdur. Ərazini azad etmək üçün silah lazımdır. Təəssüflə qeyd etməliyik ki, heç də bütün Avropa ölkələri vəd edilən yardımı vermir”,- o bildirib.
Podolyak qeyd edib ki, Moskva Ukraynaya dəstəyi azaltmaq üçün qaz şantajına əl atıb Avropaya müxtəlif təsir formalarından istifadə edir:
“Bilirik ki, qış çox sərt keçəcək, avropalılar üçün də çox çətin olacaq, ərzaq qiymətləri və istilik qiymətləri artacaq. Amma bu qış həm də Rusiyanın qaz monopoliyasının sonu olacaq. Əgər azadlığın qiyməti evdəki temperaturu iki-üç dərəcə aşağı salmaqdırsa, yaxşı, onu biz ödəyəcəyik. Avropa da buna hazır olmalıdır”.