Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının plenar iclası Avropa Şurası Nazirlər Komitəsinin sədri, Latviya xarici işlər naziri Krişyanis Karinsin hesabatı ilə başlayıb.
Aaxar.az xəbər verir ki, Latviya xarici işlər naziri Qarabağda baş verən son hadisələrdən sonra hər iki tərəflə dialoqa təşəbbüs göstərdiyini deyib.
O, Nyu Yorkda hər iki ölkədən olan həmkarları ilə görüşdüyünü, onları Ermənistan ilə Azərbaycan arasında davamlı sülh sazişinə aparan konstruktiv dialoqa çağırdığını qeyd edib. Sonra Nazirlər Komitəsinin sədri avropalı parlamentarilərin suallarını cavablandırıb.
Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Krişyanis Karinsə sualla müraciət edərək deyib:
“Sizcə, Avropa Şurası Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifahın təmin edilməsi naminə regional, üçtərəfli əməkdaşlığın qurulmasına necə töhfə verə bilər?”.
Latviyanın xarici işlər naziri sualı belə cavablandırıb:
“Qafqaz dialoqunda üçtərəfli regional əməkdaşlıq? Bəli. Bu, mənim cavabımdır. Bu, uğur qazanmaq üçün yeganə yoldur”.