Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
İcraiyyə Komitəsi Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli
Azərbaycanın işğaldan azad etdiyi ərazilərində “ermənilərə məxsus
tarixi-mədəni abidələrin dağıdılması” ilə bağlı böhtan xarakterli
qətnaməsinə dair bəyanat yayıb.
Bəyanatda deyilir:
“Avropa Parlamentinin Şərqi Zəngəzurda və Qarabağda “ermənilərə
məxsus tarixi-mədəni abidələrin dağıdılması”ndan bəhs edən
qətnaməsi acı gülüş və təəssüf doğurur. Heç bir araşdırma
aparmadan, faktlara istinad etmədən, yalnız ermənilərin
səsləndirdikləri sərsəm fikirlər əsasında hazırlanan bu yersiz
qətnamə heç kimdə şübhə doğurmayacaq qədər böhtandır. İlk növbədə,
ona görə ki, ermənilər bu ərazilərə sonradan köçürüldükləri üçün
onların burada nə qədim tarixi, nə də dərin mədəni irsi var.
Ümumiyyətlə, dövlət yaradıb bu gün mövcud olduqları ərazilər də
Azərbaycan torpaqlarıdır.
Təkcə XX əsrdə ermənilərin etdiyi vəhşiliklərə və vandal
aktlarına nəzər yetirmək kifayət edir ki, onların əsl xarakteri
ortaya çıxsın. 1905-1907-ci və 1918-1920-ci illərdə on minlərlə
dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları
yerlərdən qovulmuş, yüzlərlə yaşayış məntəqəsi və tarixi-mədəni
abidələr dağıdılıb yerlə yeksan edilmişdir. Bu cür çirkin və
dağdıcı, nifaq dolu əməllərin sahibi olan ermənilər və onların
iftiralarına boyun əyən beynəlxalq qurumlar tolerantlıq mərkəzi
olan Azərbaycanı nədən ittiham etməyə çalışır!?
1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə daha 250 min
azərbaycanlı Ermənistan ərazisindəki öz doğma yurdundan qovuldu.
Onların mülki və təsərrüfat obyektləri talan edildi, məscidlər,
dini və tarixi abidələr məhv edildi, Ermənistan monoetnik dövlətə
çevrildi. Görəsən, bütün bu baş verənlər Avropa Parlamentini niyə
düşündürmür!? Nə üçün maraqlanmırlar ki, həmin ərazilərdən qovulmuş
azərbaycanlıların sahib olduqları mədəni irsin taleyi necə oldu!?
Təbii ki, bu, hamıya yaxşı məlum olan ikili standartların, qərəzli
yanaşmanın təzahürüdür.
Heç də uzağa getməyək, son 30 ilə nəzər salaq. Dünyanın, o
cümlədən demokratik dəyərlərdən və insan haqlarından yerli-yersiz
söz açan, bu anlayışları “patentləşdirən” Avropanın gözü qarşısında
xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan
ərazisinin 20%-ni işğal etdilər, dinc əhali amansızcasına qətlə
yetirildi, Xocalıda bəşəriyyətin ən qanlı hadisələrindən biri
törədildi, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və
məcburi köçkün həyatı sürməyə məcbur oldu.
İşğal zamanı həmin ərazilərdə nəinki Azərbaycana məxsus
məscidlər, dini, tarixi, mədəni abidələr, hətta iş o yerə çatdı ki,
hər şeyi məhv etdikdən sonra təbiətə ziyan vurmağa, ekologiyanı
korlamağa əl atdılar. Deyilənləri görmək üçün sadəcə işğaldan azad
olunmuş ərazilərə səfər etmək kifayətdir. Hansı ki, bütün xarici
jurnalistlər və diplomatlar üçün bu şərait yaradılıb və dəfələrlə
səfərlər təşkil olunub. Bəs niyə Avropa Parlamenti fakt və sübut
olmadığı halda “erməni mədəni irisinin məhv edilməsi”ndən bu qədər
narahatdır, özü də Azərbaycan ərazisində, amma erməni vəhşiliyi
ortada ola-ola bununla bağlı heç bir səs çıxarmır. Məgər
görmürlərmi ki, vaxtı ilə böyük şəhərlər olmuş Ağdamda, Füzulidə,
Cəbrayılda, ümumiyyətlə, canlı aləmin yaşaması üçün hər şey yox
edilib.
Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal edilərkən 13
dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli
(119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270
memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə
abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət
abidələri olub. Bu gün onların hansı vəziyyətdə olduğu hamıya
məlumdur. Həmçinin Şərqi Zəngəzurda və Qarabağda 67 müsəlman
məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12,
Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən
dağıdılaraq yararsız hala salınıb. Ermənilər müsəlmanları təhqir
etmək üçün məscidlərdə dönuz, inək saxlayırdılar. Bunu təsdiq edən
foto və videolar da mövcuddur.
Ermənilər tərəfindən törədilən bütün bu vandallıq əməlləri
hamılıqla qəbul edilmiş beynəlxalq hüququn prinsiplərinin, o
cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və
1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Qeyd
olunan faktları araşdırıb əldə etmək beynəlxalq qurumlar üçün o
qədər də çətin deyil, nəinki erməni yalanlarına istinad edərək
nüfuzuna xələl gətirəcək qətnamələr qəbul etmək.
AHİK-in İcraiyyə Komitəsi olaraq bir daha bəyan edirik ki,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
yenilməz Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistanın 30
illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu
çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq
təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş
prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və
təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli
cavab verildi. Bir sözlə, ədalət zəfər çaldı.
Həmin ərazilərə yenidən həyat qayıdır, 30 il dünyanın gözü
qarşısında hüquqları tapdanmış bir milyondan çox məcburi köçkünün
hüquqları bərpa edilir. Sadalananlar göstərir ki, Azərbaycanın bu
tarixi missiyası beynəlxalq və regional təşkilatlar tərəfindən də
alqışlanmalıdır.
İşğala son qoyulduqdan dərhal sonra Azərbaycan həmin
ərazilərində erməni vandallarından fərqli olaraq, abadlıq-quruculuq
işləri ilə məşğuldur. Bu çərçivədə dini, mədəni abidələrin, o
cümlədən xristian irsinə mənsub abidələrin də bərpası istiqamətində
fəal iş aparılır.
Təbii ki, Avropa Parlamenti bilməmiş deyil ki, Azərbaycan bütün
mədəniyyətlərin, dinlərin, xalqların nümayəndələrinin birgə dinc
şəkildə, mehriban və xoşbəxt yaşadığı multikultural və tolerant
ölkədir. Mənşəyindən asılı olmayaraq, bütün mədəni irs dövlət
səviyyəsində qorunur. Məhz buna görə də Avropa Parlamentini kiminsə
yalan və böhtan xarakterli iddiaları səbəbindən əndişəyə düşməməyə,
həqiqəti araşdırmağa və reallıqları dərk etməyə çağırırıq. Yalnız
bu zaman Azərbaycanın sülh və təhlükəsizlik naminə bölgəyə
gətirdiyi reallıqları aydın şəkildə görmək olar. Əks təqdirdə, bu
tipli qətnamələr sabitliyi poza, sülh istiqamətində aparılan işlərə
xələl gətirə bilər.
Bir daha Avropa Parlamentinin faktlardan uzaq, reallıqları əks
etdirməyən, qeyri-obyektiv qətnaməsini şiddətlə qınayır, qurumu
ədalətli mövqe tutmağa, buraxdığı səhvi aradan qaldırmağa və
gələcəkdə belə hallara yol verməməyə çağırırıq”.
AHİK-in üzv təşkilatları
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası
“Xidmət-İş” Həmkarlar İttifaqları
Federasiyası “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası
“Metal-iş” Həmkarlar İttifaqı
Federasiyası Aviasiya İşçiləri Həmkarlar İttifaqı Avtomobil
Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı
“Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar
İttifaqı
Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı
Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı
Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar
İttifaqı
Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı
Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı
Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi
“İnşaat-İş” Həmkarlar İttifaqı
Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı
Metropoliten İşçiləri Həmkarlar İttifaqı
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar
İttifaqı Sahibkarlıq,
Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar
İttifaqı