Avropa Parlamentinin 2021-ci il üçün xarici siyasət və
təhlükəsizlik üzrə hesabatında yer alan bəzi məqamlar tamamilə
yanlışdır. Buradan açıq-aydın görünür ki, reallıqlar gizlədilib və
beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanıb. ATƏT-in Minsk
Qrupunu “Dağlıq Qarabağ münaqişəsi”nin həlli üçün beynəlxalq
səviyyədə tanınan yeganə format hesab edən Avropa Parlamenti əgər
ədalət nümayiş etdirirsə, bilməlidir ki, Minsk Qrupu fəaliyyət
göstərdiyi 29 il ərzində məsələnin həllinə yox, əsasən
dondurulmasına çalışdı, bütün bu illər ərzində aparılan danışıqlar
heç bir nəticə vermədi. Qurumun fəaliyyətində həm işğalçıya, həm də
işğala məruz qalmış tərəfə eyni münasibət sərgiləndi. Bunun
nəticəsində beynəlxalq qətnamələr uzun illər kağız üzərində qaldı.
Münaqişənin həlli istiqamətində heç bir konkret addım atılmadı. Bir
sözlə, Minsk Qrupu yaranma məqsədini həll edə bilmədi. Bu gün isə
onun görəcəyi iş artıq yoxdur, tarixə qovuşub. Onun hansı formada
və nə üçün yenidən səhnəyə gətirilməsi istəyi sadəcə gülüş
doğurur”.
Bu fikirləri AzerTimes-a Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.
“Hesabatda həmçinin “hərbi əsirlərin qaytarılmasının” vacibliyi
vurğulanır. Bu da tamamilə əsasız yanaşmadır. Ona görə ki,
müharibənin gedişində əsir düşmüş bütün hərbçilər Ermənistana
təhvil verilib. Onların hərbi əsir hesab etdiyi şəxslər isə
müharibədən sonra – noyabr Bəyannaməsi imzalandıqdan 16 gün sonra
Azərbaycan ərazisində ələ keçirilib. Həmin şəxslər Ermənistanın
hərbi komandirləri tərəfindən bizim mövqelərə tərəf məqsədli
şəkildə göndərilmişdi. Onlar hətta 4 hərbçimizi qətlə
yetirmişdilər. Təbii ki, bu, münaqişədən sonra baş verib və
açıq-aşkar cinayətdir. Beynəlxalq konvensiyalara uyğun olaraq,
onlar hərbi əsir hesab edilə bilməz. Hərbi əsirlər müharibə zamanı
əsirliyə düşmüş insanlar hesab edilir. Onu da xatırladım ki,
Azərbaycan tərəfi onların çoxunu xoşməramlı jest kimi artıq
qaytarıb. Təbii ki, bu da təqdir olunmalıdır. Avropa Parlamentinin
bu məsələyə qərəzli yanaşması böyük təəssüf doğurur”, –
S.Möhbalıyev bildirib.
“Sənəddə “Dağlıq Qarabağ konflikti” fikrinin səslənməsi,
ümumiyyətlə, kökündən yanlışdır. Ağıla gələn odur ki, hesabatı
hazırlayanlar bölgədə baş verən hadisələrdən, yeni reallıqlardan ya
xəbərsizdirlər, ya da məsələyə bilərəkdən qərəzli yanaşırlar. Bu
gün Azərbaycan ərazisində “Dağlıq Qarabğ” adlı inzibati ərazi
vahidi yoxdur. O ki qaldı münaqişəyə Azərbaycan beynəlxalq
təşkilatların 30 il həll edə bilmədiyi münaqişəni cəmi 44 günə özü,
təkbaşına etdi. Beynəlxalq hüququn pozulmuş prinsiplərini yerinə
yetirdi, hər zaman dünyada sülhü təhdid edən separatizmə layiqli
dərs verdi. Bu gün bölgədə Azərbaycanın nümayiş etdirdiyi bütün
səylər sülh və təhlükəsizliyə hesablanıb. Sərhədlərin qarşılıqlı
tanınması, delimitasiya və demarkasiya prosesinə başlanılması
istiqamətində fəal iş aparılır. Belə bir məqamda hesabatda
toxunulan məsələlər fitnəkar xarakter daşıyır və bölgədə sülhə ən
böyük təhdidir”, – Konfederasiya sədri qeyd edib.
Milli Məclisin deputatı əlavə edib ki, yaxşı olardı Avropa
Parlamenti həllini tapmış münaqişənin yenidən baş qaldırmasına yox,
Şərqi Avropada baş verən məsələlərə diqqət yetirsin: “Bu gün Avropa
Parlamentinin Şərqi Avropada görə biləcəyi, həlli ilə məşğul
olacağı xeyli işlər var. Orada baş verənlər bütün region ölkələrini
narahat edir. Avropa Parlamentinin bu istiqamətdə çalışması çox
vacibdir, boş yerə həll edilmiş münqişələrə vaxt itirməsi isə
yersizdir”.