Avropa Olimpiya turniri üçün millimizin heyəti açıqlanıb

Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə, martın 12-də Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev hər çəkidə iki idmançının Olimpiadaya lisenziya qazanacağı yarışda iştirak edəcək heyəti açıqlayıb.

Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımızın üzvləri ilə görüşən federasiyanın rəhbəri bu ilin ilk lisenziya turnirində əksər çəki dərəcələrində Olimpiya Oyunlarına vəsiqə qazanılacağına inandığını dilə gətirərək, güləşçiləri bu fürsətdən yararlanmağa çağırıb və onlara məsul yarışda uğurlar arzulayıb.

Martın 18-19-da xalça üzərinə sərbəst güləşçilər çıxacaqlar. Ölkəmizi İslam Bazarqanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər. Onlar baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Budapeştdə uğur qazanmağa çalışacaqlar.

Yunan-Roma güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında martın 20-21-də mübarizə aparacaqlar. Heyətdə Murad Məmmədov (60 kq), İslambek Dadov (67 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıblar.

Xatırladaq ki, qadınlardan ibarət millimizin heyətində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutovanın (76 kq) Macarıstandakı yarışda çıxışı nəzərdə tutulub. Onlar baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun tapşırıqlarını icra edəcəklər.

Teqlər: