Avropa Komissiyası və Aİ Şurasının rəhbərləri Makronu seçkilərdə qələbəsi münasibətilə təbrik ediblər

Avropa Komissiyası və Avropa İttifaqı Şurasının sədrləri Ursula
fon der Lyayen və Şarl Mişel Emmanuel Makronu Fransada keçirilən
prezident seçkilərində qələbəsi münasibətilə təbrik ediblər.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyası və Avropa
İttifaqı Şurasının sədrləri öz “Twitter” səhifələrində
yazıblar.

“Hörmətli Emmanuel Makron, yenidən respublikanın prezidenti
seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Mən əla
əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm. Biz birlikdə
Fransanı və Avropanı irəli aparacağıq”, – deyə Ursula fon der
Lyayen bildirib.

“Sizi səmimi qəlbdən təbrik edirəm, hörmətli Emmanuel Makron. Bu
çətin zamanlarda bizə vahid Avropa və daha suveren və strateji
Aİ-yə tam sadiq olan Fransa lazımdır. Biz Fransaya daha beş il ümid
edə bilərik”, – deyə Şarl Mişel bildirib.