İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Şamaxı Cümə məscidi ilə tanışlıqdan sonra bir sıra layihələrin təqdimatında iştirak edib, eyni zamanda, Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin fəaliyyəti ilə tanış olub.
Trend xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti üçün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın imkanları barədə təqdimat keçirilib.
Məlumat verilib ki, müasir infrastrukturu, yükaşırma qabiliyyəti və yerləşmə mövqeyinə görə Bakı limanı Avropa və Asiya arasında vacib nəqliyyat məntəqəsi rolunu oynayır, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və təşviqində mühüm əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, liman Avropa İttifaqı ilə yaxından əməkdaşlıq edir və 2016-cı ildən bu günədək müxtəlif layihələr icra olunub. Bu çərçivədə rəqəmsallaşma, liman əməliyyatları, menecment, insan resursları, limanda regional təlim mərkəzinin yaradılması, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr üzrə avropalı tərəfdaşlarla təcrübə mübadiləsi aparılmaqdadır. “Yaşıl Liman” və əməliyyatların rəqəmsallaşması sahələrində uğurlu işlərin görüldüyü, bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi bildirilib.
x x x
Sonra İpək Yolu və Ələt Azad İqtisadi Zonası haqqında təqdimat olub. Təqdimat zamanı məlumat verilib ki, ötən ay təməli qoyulan, ümumi sahəsi 850 hektar olacaq Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir.
Bildirilib ki, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.
x x x
Daha sonra Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Böyük Qafqaz Dağlıq Ərazilərində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsinin təqdimatı olub. Qonağa məlumat verilib ki, Azərbaycan Turizm Bürosu ilə birgə “Slow Food” tərəfindən həyata keçirilən layihənin pilot ərazisi Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi regiona daxil olan 5 rayonu – Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edir. “Slow Food” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır. Layihənin əsas məqsədi yerli kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artırılması, qastronomiya və mədəni irsi dəyərləndirməklə Azərbaycandakı kənd icmalarının iqtisadi durumunun bərpasına və rifahının yaxşılaşdırılmasına dəstək göstərməkdir.
Təqdimatdan sonra məhsulların dequstasiyası olub.
x x x
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Şamaxının Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin fəaliyyəti ilə də tanış olub.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov qonağa məlumat verib ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın “Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub.
Zavodun inşası tarixini əks etdirən stendə baxış zamanı qeyd edilib ki, müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin regionun turizm potensialını da nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu hədəflərdəndir.