“Məlum olduğu kimi, bu gün Cənubi Qafqaz regionunda cərəyan edən proseslər bütün dünyanın, o cümlədən xüsusilə Avropa İttifaqı ölkələrinin diqqət mərkəzindədir. Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycanın yaratdığı yeni regional geosiyasi və geostrateji reallıqlar isə bu proseslərin əsas istiqamətini və dinamikasını müəyyən edir. Avropa İttifaqının bu regiona olan marağı, ilk növbədə, Aİ ölkələrinin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın getdikcə artan rolu ilə bağlıdır. Hazırda XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatdırılır. Bu il yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstan 7,2 milyard kubmetr qazla təchiz olunub. Gələn il bu rəqəmin 9 milyarda, 2023-cü ildə isə 11 milyarda çatacağı nəzərdə tutulur. Nəzərə alsaq ki, hələ ötən ilin dekabrında, layihənin tam başa çatmasından əvvəl artıq istehlakçılarla müqavilələr imzalanmışdır, təbii ki, Avropa belə bir layihənin təhlükəsizliyini həm düşünməlidir, həm də bu təhlükəsizliyin təminatı istiqamətində müvafiq addımlar atmalıdır. Bütün bu məsələlər də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsində ətraflı şəkildə öz əksini tapıb.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, bu gün Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması artıq yalnız region ölkələrinin və qonşu dövlətlərin deyil, həmçinin bütün Avrasiya məkanı ölkələrinin marağındadır: “ Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması əslində bütün Avrasiya məkanı ölkələrinin marağındadır. Azərbaycan bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ən vacib kilid məntəqəsi olmaqla bütün beynəlxalq daşınmaların əsas tranzit məkanıdır. Prezident İlham Əliyevin öz müsahibəsində qeyd etdiyi kimi, bu gün Azərbaycan artıq Avrasiyanın nəqliyyat habına çevrilməkdədir. Ölkəmizdə altı beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaq. Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Bundan əlavə, müasir magistral yollar var. Ölkəmiz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində yerləşir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Bütün hunlar deməyə əsas verir ki, ən yaxın vaxtlarda nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlarından biri olacaq. Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının açılışı xüsusi olaraq qeyd olunmalıdır. Onun yükaşırma gücü 25 milyon tona qədər arta bilər. Azərbaycan artıq bütün növ yük gəmiləri, tanker və bərələri qəbul edə bilir. Təbii ki, bütün bu deyilənlər Avrasiya kimi nəhəng bir məkanı əhatə edəcək inkişaf və irəliləyişlər deməkdir. Məhz buna görə də Avropa İttifaqı Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyini və ən əsası da bu prosesin yalnız və yalnız Azərbaycanın maraqlarının, haqlı tələblərinin tam təmin olunması şərtilə həyata keçirməyin mümkün ola biləcəyini qəbul edir.”
Millət vəkili bildirib ki, bu gün Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində daha çox səy göstərməklə regional sülhün bərqərar olunması işinə daha böyük töhfələr verə bilər: “Prezident İlham Əliyevin də öz müsahibəsində qeyd etdiyi kimi, hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir. Lakin bu səyləri daha da artırmaq olar. Avropa İttifaqının sülh prosesinə dəstəyi çox önəmli amildir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir. Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına dair mühüm qərarların qəbul edilməsi də Aİ-nin səylərinin bir göstəricisi kimi qiymətləndirilə bilər. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Azərbaycan isə artıq işlərə başlayıb və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Bu isə bir daha təsdiq edir ki, Avropa İttifaqı Ermənistana təsirini daha da artırmalıdır.”
Kamaləddin Qafarov bütün bu proseslərin fonunda Azərbaycana qarşı Avropa İttifaqı tərəfindən bəzi məsələlərdə hələ də ciddi ədalətsizliklərə yol verildiyini qeyd edərək bunları deyib: “Maraqlıdır ki, İtaliya jurnalisti də öz sualında Azərbaycana ayrılan maliyyə paketinin Ermənistanla müqayisədə çox kiçik bir rəqəmlə ifadə olunduğunu etiraf etdi. Məlumdur ki, Avropa İttifaqı tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollar, Azərbaycana isə cəmi 140 milyondur. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə cəmi 2 milyondur. Bundan əlavə, işğal illəri ərzində Azərbaycanın çox böyük sahədə əraziləri tamamilə dağıdılıb. Bu gün bütün dünyadan gələn rəsmi şəxslər və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Bundan başqa , Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərdə 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi isə məlumdur ki, olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda isə bu problemlər yoxdur. Çünki Ermənistan işğal olunmayıb, əksinə özü işğalçı ölkədir. Bəs nəyə görə heç bir dağıntıya məruz qalmayan Ermənistana belə böyük vəsait ayrılır? Təbii ki, bu çox böyük ədalətsizlikdir və hələ də davam edən ikili standartlar siyasətinin təzahürüdür.”