Avropa İttifaqı obyektiv reallığı və praqmatikliyi dəstəkləyir – Kamaləddin Qafarov

Xəbər verildiyi kimi, mayın 22-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar
səfərdə olub.

Bu səfərin nəticələri barədə öz fikirlərini bölüşən Milli
Məclisin deputatı Kamaləddin Qafarov AzerTimes-a verdiyi açıqlamasında
bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi
balanslaşdırılmış xarici siyasət Azərbaycanın Vətən müharibəsində
əldə etdiyi tarixi Qələbənin nəticələrini möhkəmləndirməkdə və
ölkəmizin beynəlxalq mövqeylərini gücləndirməkdə davam edir:
“Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək
görüşündə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin
hazırlanması, iki ölkə arasında münasibətlərinin
normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin
delimitasiyası və demarkasiyası kimi məsələlər müzakirə edilib.
Dövlətimizin başçısı bu proseslərə Şarl Mişelin verdiyi dəstəyi
yüksək qiymətləndirib. Şübhəsiz, bu dəstək, ilk növbədə,
Azərbaycanın bütün bu məsələlərdə tutduğu haqlı mövqeyindən və
Prezident İlham Əliyevin irəli sürdüyü təkliflərin ədalətli və
bütün tərəflər üçün qarşılıqlı faydalı olmasından qaynaqlanır”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Brüssel səfəri
Avropa İttifaqının Azərbaycanı son dərəcə vacib, etibarlı və
perspektivli tərəfdaş kimi dəyərləndirdiyini bir daha nümayiş
etdirdi: “Ölkəmizlə münasibətlərin inkişafı və əməkdaşlığın
dərinləşdirilməsi Avropa İttifaqı üçün strateji önəm daşıyır. Bunu
dövlət başçımızın Brüssel səfərinin nəticələri bir daha təsdiq
etdi. Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan
arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək
əzmini bir daha ifadə etdi, vasitəçilik səylərini davam
etdirəcəyini bildirdi və bu formatda keçirilmiş əvvəlki görüşlərin
əhəmiyyətinə toxundu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin aprel görüşünün nəticəsinə dair yaydığı bəyanatda da tam
olaraq Azərbaycanın mövqelərinin dəstəklənirdi. Həmin bəyanatda
Şarl Mişel tərəfindən Ermənistan və Azərbaycan arasındakı
münaqişənin aradan qaldırılmasına və Cənubi Qafqazda sülhün təmin
edilməsi üçün iki ölkə arasında hərtərəfli sülh müqaviləsinin
imzalanmasına çağırış edilirdi. Bu çağırış da birmənalı olaraq
Avropa İttifaqı tərəfindən Azərbaycanın təklif etdiyi sülh
müqaviləsinə dəstək kimi qiymətləndirilməlidir. Çünki bu xüsusda
Azərbaycanın mövqeyi bəllidir və ölkəmiz sülh və dinc qonşuluq
münasibətlərində maraqlı olduğunu hər zaman diqqət mərkəzinə
çəkir”.

Kamaləddin Qafarov mayın 22-də keçirilmiş Brüssel görüşünün
nəticələrinin ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq deyib: “Bu
görüş bir daha sübut etdi ki, Azərbaycan postmünaqişə dövründə də
özünün məqsədyönlü fəaliyyətini uğurla davam etdirir və strateji
hədəflərinə doğru inamla irəliləyir. Keçirilən müzakirələrin
nəticəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün məhz
Azərbaycan tərəfindən təqdim olunmuş 5 prinsipin beynəlxalq hüquqa
əsaslandığı bir daha öz təsdiqini tapıb və bu prinsiplərin sülh
müqaviləsinin hazırlanmasında əsas rol oynadığı vurğulanıb. Xüsusi
olaraq qeyd olunmalıdır ki, Prezident İlham Əliyev işğaldan azad
edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ
müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin
taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha diqqət
mərkəzinə gətirib. Aktual məsələlərdən biri dəsərhədlərin
delimitasiyası ilə bağlıdır ki, görüşün nəticələrinə uyğun olaraq,
bununla bağlı sərhəd komissiyalarının birinci birgə iclası
dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Daha bir vacib
məsələ kommunikasiyaların açılması ilə əlaqədardır. Bu xüsusda
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata
açıqlamasında qeyd edib ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan
və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında
tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu
vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək
prinsiplər barədə razılığa gəlinib. Bu, birmənalı olaraq
Azərbaycanın mövqeyinə tam uyğun bir bəyanatdır və
kommunikasiyaların bərpasında, Zəngəzur dəhlizinin reallaşması
məsələsində ciddi irəliləyişin əldə olunduğunu göstərir. Beləliklə,
mayın 22-də Brüsseldə keçirilmiş üçüncü üçtərəfli görüşün
nəticələri göstərdi ki, Avropa İttifaqı obyektiv reallığı və
praqmatikliyi dəstəkləyir, Azərbaycanın mövqelərinin daha da
möhkəmlənməsi və Cənubi Qafqazda dayanıqlı sülhün və inkişafın
bərqərar olması baxımından böyük əhəmiyyət kəsb edir”.

Teqlər: