Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir – Vüqar Rəhimzadə

Bu günümüzün əsas müzakirə mövzusu dövlət başçısı İlham Əliyevin
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə
Brüsselə işgüzar səfəridir. Səfər çərçivəsində ölkə Prezidentinin
qurumun rəsmisi ilə təkbətək görüşü, eyni zamanda, Prezident İlham
Əliyevin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın
baş nazirinin üçtərəfli görüşü mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı
istər ölkəmizin qurumla, istərsə də quruma üzv dövlətlərlə
münasibətlərində özünün aydın ifadəsini tapır. 2018-ci ildə dövlət
başçısı İlham Əliyevin Belçika Krallığına səfəri çərçivəsində
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan “Tərəfdaşlıq
prioritetləri” sənədi bütün məqamları özündə ehtiva edir. Tarixi
Zəfərimizdən sonra Avropa İttifaqının ölkəmizlə münasibətləri,
bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə hazır
olduğunu bildirməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin təşəbbüsü ilə iki dəfə üçtərəfli görüşün keçirilməsi və
sair kimi mühüm addımlar postmünaqişə dövrünün əsas reallıqlarının
təqdimatıdır. Ötən ilin dekabrında Brüsseldə sülh gündəliyinin
əsası qoyulmuşdur. Aprelin 6-da keçirilən görüş Brüssel
gündəliyinin əsas tərkib hissəsi kimi dəyərləndirilir.

Trend xəbər verir ki, bu fikirləri Yeni Aərbaycan Partiyası
(YAP) Xətai rayon təşkilatıın sədri, siyasi elmlər doktoru Vüqar
Rəhimzadə dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri ilə
bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, üçtərəfli əsasda 4 saat yarımdan artıq
davam edən görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib
ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə
danışıqlar başlasın: “İki ölkənin Xarici İşlər Nazirlərinə bununla
bağlı təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən
ibarət təklifin qəbulu və bunun əsasında danışıqların
aparılmasıdır. Məlum olduğu kimi bu sənəddə əsas məqam Azərbaycanın
ərazi bütövlüyüdür. Ölkəmizin təklif etdiyi sülh müqaviləsində əsas
şərtlərdən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması
məsələsidir. Tarixi Zəfərimizdən bir ildən artıq vaxt keçməsinə
baxmayaraq Ermənistanın hələ də sülh təklifinin imzalanması ilə
bağlı tərəddüdləri diqqətdən kənarda qalmır. Ermənistan ATƏT-in
Minsk qrupunun vasitəçiliyinin yenidən bərpa olunnmasında maraqlı
olduğunu hər bir bəyanatında ifadə edir. Amma istər ötən ilin
dekabrın 14-də, istərsə də aprelin 6-da keçirilən görüşlərin
sonunda qəbul olunan bəyanatda Dağlıq Qarabağ ifadəsi və ya
keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna
istinad olmayıb. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub və
yeni səhifə açılıb. Minsk qrupunun vasitəçiliyinə gəldikdə isə
1992-ci ildə münaqişənin həllinə vasitəçilik missiyasını yerinə
yetirmək məqsədilə yaradıldığı gündən qurum vəzifəsinin nədən
ibarət olduğunu dərk etmək istəmədi. Təbii ki, bunun səbəbləri var
idi. Vasitəçi tərəf tuta bilməz. Neytral mövqedə dayanaraq
məsələnin ədalətli həllinə öz dəstəyini göstərməlidir. Amma 30 ildə
Azərbaycan tamamilə fərqli bir mənzərənin şahidi oldu. ATƏT-i Minsk
qrupunun həmsədrləri işğalçını adı ilə çağırmağın münaqişənin
həllinə maneə ola biləcəyini bildirərək, açıq-aşkar Ermənistana
dəstək missiyasını yerinə yetirdi. Qurumun fəaliyyətsizliyi,
tərkibinin dəyişdirilməsi məsələsi daim gündəmin əsas müzakirə
mövzularından olub. Azərbaycan 44 günlük Vətən müharibəsinin
getdiyi dövrlərdə də ATƏT-in Minsk qrupunun ikili standartlara
əsaslanan siyasətinin şahidi oldu. Artıq münaqişə həll olunub,
Azərbaycan Ordusu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi
ilə ərazi bütövlüyümüzü təmin edib, işğala son qoyub. Bu gün
postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinin
zamanıdır. Azərbaycan ATƏT-in Minsk qrupundan postmünaqişə dövrü
ilə bağlı yeni təklif gözləsə də bunun da mümkünsüzlüyü göz
önündədir. Belə olan təqdirdə onun uğursuz vasitəçilik missiyasını
yenidən bərpa etməyə ehtiyac varmı? 44 gündə işğala son qoyaraq
münaqişəni özü həll edən Azərbaycan üçün ATƏT-in Minsk Qrupu
lazımsız təsisatdır. Artıq bu qurum tarixin arxivində yer alıb.

Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında
birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır.
Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşdırılmasıdır.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilən
bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya
yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə
başlaması barədə razılıq əldə olunur: “Delimitasiyanın tərkibi və
nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Digər
tərəfdən postmünaqişə dövrünün əsas məsələlərindən biri işğaldan
azad edilmiş ərazilərimizdə təhlükəsizliyin təmin olunmasıdır ki,
bu da həmin torpaqlarımızın minalardan təmizlənməsinin həyata
keçirilməsi ilə bağlıdır. Azərbaycan tərəfi işğalçı Ermənistandan
bu ərazilərin mina xəritələrinin verilməsini tələb etsə də, təqdim
olunan iki xəritənin dəqiqliyi özünü doğrultmadı. Dövlət başçısı
İlham Əliyev, həmçinin keçirilən görüşlərdə itkin düşmüş şəxslərin
tapılması məsələsini də gündəmə gətirir. Bəyanatda Avropa
İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması,
eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq
olunur. Qurumun Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılmasında, regionda etimad quruculuğunun həyata
keçirilməsində maraqlı olması, üçtərəfli görüşlərin təşəbbüskarı
kimi çıxış etməsi təqdir olunur. Əsas olan budur ki, Avropa
İttifaqı qərəzsiz tərəfdir. Hər iki tərəfin-Azərbaycan və
Ermənistanın quruma etimadı var. Burada xüsusilə Şarl Mişelin
Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir.
Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul
edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz
regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi
görür. Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir məsələnin həllində
vasitəçi, yaxud təşəbbüskar kimi çıxış edən tərəf neytrallığı
qorumalı, hər iki tərəfə münasibətdə ədalət meyarını əsas
götürməlidir. Reallıq budur ki, Azərbaycan öz tarixi torpaqlarına
qovuşub. 30 il Azərbaycanın ərazilərini işğal altında saxlayan
Ermənistana dünya güclərinin təzyiqlər göstərməməsi, sanksiyalar
tətbiq etməməsi onun daha böyük iddialarla yaşamasına səbəb
olmuşdur. Yeni ərazilər uğrunda müharibə planını gerçəkləşdirmək
məqsədilə Ermənistanın 2020-ci ilin sentyabrın 27-də həyata
keçirdiyi təxribat da bunun təsdiqi idi. Nəticədə əks-hücum
əməliyyatına başlayan Azərbaycan Ordusu öz torpaqlarında döyüşdü,
işğala son qoyaraq düşməni bu ərazilərimizdən qovdu, üçrəngli
bayrağımızın dalğalanmasına nail oldu. Bu gün işğalçı Ermənistanın
qarşısında dayanan əsas tələb sülh müqaviləsini imzalamaqla,
regionda təhlükəsizliyin təmin edilməsi, kommunikasiyaların
açılması, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Dövlət
başçısı İlham Əliyevin Brüssel səfərindən öncə ABŞ-ın Dövlət Katibi
Antoni Blinkenin dövlət başçısına zəngi də bir çox məqamlara işıq
salır. Telefon danışığı əsnasında Antoni Blinken aprelin 6-da
Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan
arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm
verdiyini bildirmişdir. Prezident İlham Əliyev regionda sülhün və
sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında
münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə
danışıqlara başlanması, nəqliyyat bağlantıları və
kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü
təkliflərini və mövqeyini açıqlamışdır.”

V.Rəhimzadə diqqəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərin
suallarına cavabına yönəldərək bildirib ki, qurum rəsmisinin
“Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı
üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri,
etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük
bir irəliləyişə nail olduq” cavabı hazırkı və sonrakı proseslərin
aydın mənzərəsini yaradır: “Ümumilikdə hər bir görüş Azərbaycanın
diplomatik qələbəsinin təqdimatıdır. Artıq Ermənistan, həmçinin
dünya gücləri sülh müqaviləsinin imzalanması ilə bağlı istəklərini
ortaya qoyaraq bu istiqamətdə dayanıqlı razılaşma əldə etmək
məqsədilə vacib elementlərin müzakirəsinə başlayıb. Son Brüssel
görüşü də təsdiqləyir ki, Avropa İttifaqı da 44 günlük müharibədən
sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində
bu reallığa əsaslanır”.

Teqlər: