Çempionlar Liqasının 2018-19 mövsümünün final matçının harada keçiriləcəyinə böyük ölçüdə aydınlıq gəlib.
Qitənin ən nüfuzlu klub turnirinin həlledici oyununun Bakı Olimpiya Stadionunda baş tutmaq ehtimalı artıb.
Çünki digər namizəd “Vanda Metropolitano” stadionu UEFA-nın tələblərinə tam cavab vermir. Madrid şəhərindəki arenanın 7000 VİP tutumu var ki, bu da çox az hesab olunur.
VİP zonanın kiçikliyi ilə yanaşı, stadionətrafı ərazi də yetərincə deyil. Bu da qonaqların qəbulu zamanı çətinliklər yarada bilər. Stadionun inşası zamanı “Atletiko” rəhbərliyinin o qədər də önəm vermədiyi bu arqumentlər ÇL-in finalını İspaniya paytaxtından uzaqlaşdırıb. Nəricədə “Atletiko”nun son 4 ildə Çempionlar Liqasında yüksək səviyyədə çıxış etməsi, 2 dəfə finala, 1 dəfə də yarımfinala çıxması fonunda klubun stadionunun finalı qəbul etmək şansları aşağı qiymətləndirilir.
Həmkarlarımızın iddiasına görə, Bakıdakı idman qurğusu UEFA-nın diqqətini daha çox çəkib. Azərbaycanın vəd etdiyi vergi güzəştlərinin mümkünlüyü arenanı qitə futbol qurumu üçün daha cəlbedici edir.