Azərbaycan karateçilərinin də qatıldığı yeniyetmə və gənclər arasında Avropa çempionatı davam edir.
AzerTimes-ın məlumatına görə, son yarış günündə 18-21 yaşadək gənclərimiz mübarizəyə qoşulublar. Karateçilərimizdən Əminağa Quliyev Jose Xavier (Portuqaliya), Maksim Krasnov (Rusiya) və Karmin Lusianonu (İtaliya) məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Pavle Dujakoviçə (BİH) qalib gələn karateçimiz finala vəsiqə qazanıb. Həlledici mərhələdə onun rəqibi Burak Özdəmir (Türkiyə) olacaq.
Qeyd edək ki, qitə çempionatında kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kiloqram) və Rəşid Süleymanov (63 kiloqram) qızıl, Rumil Cəfərli (76 kiloqram) gümüş medal qazanıblar. Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medala sahib olub.
Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edir.