Estoniyanın paytaxtı Tallində taekvondo üzrə Avropa birinciliyi davam edir.
Trend xəbər verir ki, uşaq, yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyində milli komandamızın üzvləri də qüvvələrini sınayırlar.
Turnirin üçüncü yarış günündə kiçikyaşlı yeniyetmə idmançımız medala sahib olub. Belə ki, “Ümid” taekvondo klubunu təmsil edən Sabir Məmmədli (27 kq) Serbiya və Ukrayna təmsilçilərini məğlub edərək finala vəsiqə qazanıb. Yalnız finalda Ukraynanın digər idmançısına məğlub olan taekvondoçumuz yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, bundan əvvəl yeniyetmələrdən ibarət millimizin dörd üzvü medal qazanıb. Belə ki, Məhəmməd Həsənli (37 kq) qızıl, Hüseyn Xudiyev (65 kq) gümüş, İlyas Hətəmli (33 kq) və Zəhra İsayeva (29 kq) isə bürünc medala layiq görülüblər.