Avronest PA-da Bakıya qarşı sənədlərdə dəyişiklik…

Avronest PA-da Bakıya qarşı sənədlərdə dəyişiklik…

Belçikanın paytaxtı Brüsseldə keçirilən Avronest Parlament Assambleyasının (PA) Enerji Təhülkəsizliyi Komitəsində Avropa Parlamentinin üzvünün hazırladığı məruzə ölkəmizə qarşı qərəzli olduğu üçün nümayəndə heyətimizin etirazı və əsaslandırılmış arqumentləri nəticəsində müzakirədən tamamilə çıxarıldı. Azərbaycanın təklifi ilə növbəti iclas üçün məruzənin mövzusu “Şərq Tərəfdaşlığı ölkələrində daha dayanıqlı gələcəyə doğru qarşılıqlı əlaqəli enerji sisteminin çağırışlarının paradiqması” seçildi. Ümumiyyətlə, 4 komitənin ikisində Azərbaycanın mövzu təklifi tamamilə, birində isə birləşdirilərək dəstəkləndi.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

“Avronestin builki komitə və plenar iclasları Azərbaycan üçün kifayət qədər faydalı oldu. Nümayəndə heyəti Azərbaycan əlehinə olan bütün düzəlişlərin qəbul olunmamasına nail ola bildi. Azərbaycanın təklifi ilə “Dağlıq Qarabağ” kimi keçmişdə qalan termin sənədlərdən çıxarılmaqla yanaşı, həmçinin “Almatı Protokolu” ilə bağlı nümayəndə heyətimizin mövqeyi nəzərə alındı. Azərbaycan nümayəndə heyətinin sədri Tahir Mirkişili sosial komitənin sədri seçildi.

Bütövlükdə bu iclas Azərbaycan reallıqlarının bir daha təqdim edilməsi baxımdan çox vacib tədbir oldu. Nümayəndə heyətinin bütün üzvləri fərqli məsələlər ilə bağlı dəfələrlə öz fikirlərini bölüşdülər. İqtisadiyyat, enerji və siyasi komitələrdə bir neçə dəfə çıxışlarım zamanı müxtəlif vacib məsələlərlə bağlı mövqeyimizi təqdim etdim. Çıxışlarım zamanı Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları, nəqliyyat sahəsində əməkdaşlıq, Azərbaycanın Ukrayna və AB-nin enerji təhlükəsizliyinin güclənməsində rolu, yaşıl enerjiyə keçid və digər məsələlərə toxundum. Bütövlükdə, 3 komitədə müzakirələr zamanı 7 dəfə məsələlərə münasibət bildirim”, – o bildirib.

Teqlər: