Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
AzerTimes xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.
Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə AB arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib.
Avropa Komissiyasının Prezidenti AB-nin humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.