İyunun 12-də futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Uels – İsveçrə matçı heç-heçə başa çatıb.
Trend xəbər verir ki, fransalı referi Klement Turpinin idarə etdiyi oyunda komandalar hərəyə bir dəfə fərqləniblər.
Qarşılıqlı hücumlar şəraitində keçən matçda komandalar bir neçə dəfə təhlükəli vəziyyət yaradıblar. Lakin komandaların cəhdlərinə baxmayaraq, oyunun birinci hissəsində qapılara top vurulmayıb.
Görüşdə nisbətən üstün oyun nümayiş etdirən İsveçrə millisi ikinci hissənin əvvəlində hesabı açıb. Bakı Olimpiya Stadionunda İsveçrə millisinin hücumçusu Breel Embolo adını tabloya yazdırıb. Matçın 49-cu dəqiqəsində künc zərbəsindən hava ötürməsini başla dəqiq zərbə ilə tamamlayan futbolçu Bakıda vurulan ilk qolun müəllifi olub.
Bu qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan Uels komandası 74-cü dəqiqədə istəyinə çatıb. Künc ötürməsindən sonra topa başla zərbə vuran Kieffer Mur hesabda tarazlığı bərpa edib.
Matçın 85-ci dəqiqəsində İsveçrə yığmasının hücumçusu Mario Qavranoviçin Uels millisinin qapısına vurduğu qol videonəzarət (VAR) sistemində baxıldıqdan sonra qeydə alınmayıb.
Qalan dəqiqələrdə də İsveçrə komandası hesabı dəyişmək üçün təzyiqi artırsa da, istəyinə çata bilməyib və matç 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, A qrupunun birinci oyununda İtaliya millisi Türkiyə seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu komandalar indiyədək müxtəlif turnirlərdə yeddi dəfə üz-üzə gəliblər. Həmin görüşlərin beşində İsveçrə, ikisində isə Uels millisi qalib gəlib.
Uels yığması ikinci dəfədir Avropa çempionatının final mərhələsində iştirak edir. Komanda qitə çempionatlarında 2016-cı ildə debüt edib. Həmin çempionatda komanda yarımfinala qədər irəliləyib.
Daha əvvəl dörd dəfə Avropa çempionatlarının qrup mərhələsində çıxış edən İsveçrə seçməsi ən yaxşı nəticəni 2016-cı ildə göstərib. Həmin çempionatda qrupdan çıxmağı bacaran komanda səkkizdəbir finalda mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində keçiriləcək Türkiyə – Uels (16 iyun) və İsveçrə – Türkiyə (20 iyun) oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması keçiriləcək.