Ötən il pandemiya səbəbindən təxirə salınan AVRO 2020 futbol çempionatının bu il keçirilməsinə başlanılır.
Dünyanın önəmli yarışlarından olan AVRO 2020-nin 4 oyunu Azərbaycanın paytaxtı Bakı şəhində Olimpiya Stadionunda keçiriləcək. Azərbaycan indiyədək bir çox beynəlxalq yarışlara ev sahibliyi edib. Bəs görəsən bu tədbirlərin əhəmiyyəti nədir?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, keçirilən beynəlxalq yarışlar həm Azərbaycanın tanıdılmasına, həm sağlam həyat tərzinin təbliğinə, həmçinin də turizmə çox böyük töhfə verir.
“AVRO-2020 futbol yarışları ötən il pandemiyaya görə keçirilə bilmədi. Buna görə də bu il keçirilməsinə qərar verilib. Azərbaycanda, Bakı şəhərində Bakı Olimpiya Stadionunda belə bir yarışın keçirilməsi bizi sevindirir. Bizi ikiqat sevindirən cəhətlərdən biri də ondan ibarətdir ki, keçirilən oyunların ikisində məhz qardaş Türkiyənin Milli komandası iştirak edəcək. Əgər Azərbaycan milli komandası yoxdursa, biz Türkiyəni dəstəkləyirik və Türkiyənin bu yarışlarda uğurla çıxış edəcəyini gözləyirik”.
Deputat deyib ki, artıq Azərbaycanda karantinlə bağlı yumşaldılmalar gedir.
“Rusiya və Türkiyənin vətəndaşları Azərbaycana rahat səfər edə biləcəklər. Düşünürəm ki, bu normal həyata qayıdışa da bir işarədir. Koronavirusa yoluxmada say artımı olmasa, normal həyata qayıda biləcəyik. İstənilən halda AVRO-2020-nin keçirilməsi idman bayramıdır. Azarkeşlər bu yarışlara qatılacaqlar və dünyanın da gözü Azərbaycanda, Bakıda olacaq.Tək canlı yox, eyni zamanda televiziya vasitəsilə də dünyanın bir çox yerlərindən Azərbaycanda keçirilən bu yarış izlənəcək. Düşünürəm ki, Azərbaycanın tanıdılması üçün bunun çox böyük rolu var”.
N.Həmzəyevin sözlərinə görə, Azərbaycan həmişə çalışıb ki, öz büdcəsini balanslaşdırılmış şəkildə xərcləsin və sosialyönümlü büdcəyə üstünlük verib.
“44 günlük Vətən müharibəsində də Azərbaycan zəfər əldə etdi. Ancaq zəfərdən sonra hərbi xərcləri azaltmadı, əksinə artırdı, həmçinin digər sahələrlə bağlı da öz xərclərini yüksəltdi. Unutmamalıyıq ki, biz bu gündən sonra daha güclü olmalıyıq. Regionun diqtə edən dövlətiyik və müharibədən, qələbədən 7 ay sonra belə bir mötəbər yarışın Azərbaycanda keçirilməsi və Azərbaycanın bu yarışı keçirmək üçün təhlükəsiz ölkə elan edilməsi bizi sevindirməlidir. Həmçinin bu göstərir ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana güvənir. Azərbaycan öz inkişafını davam etdirir, ölkəmiz regionun ən aparıcı dövlətidir, bu bizim gələcək inkişafın təməlidir. Düşünürəm ki, biz bunu növbəti zəfərimiz, uğurumuz kimi qiymətləndirməliyik. İnşallah qismət olsa gələcəkdə dünyanın məşhur klubları Qarabağ torpaqlarında, Şuşada, elə Ağdamın özündə “Qarabağ” Futbol komandasının qonaqları olacaq”.