Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Avrasiya regionu xalqlarının İslam mədəniyyətinə verdiyi töhfələr” (“Contributions of the Eurasian nations to Islamic culture”) kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Aİİ rektoru Aqil Şirinov, ARM-in idarə heyətinin sədri Elçin Əsgərov, baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov və Dini Araşdırmalar Mərkəzinin direktoru Natiq Rəhimov çıxış ediblər.
Sözügedən ədəbiyyat İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) Avrasiya üzrə Regional Mərkəzi (ARM) tərəfindən ərsəyə gətirilib, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Rusiya, Azərbaycan, İran, İndoneziya və Pakistan xalqlarının İslam mədəniyyətinə verdiyi töhfələri əhatə edir.
Kitabın Azərbaycan bölməsi – Dini elmlər, Sufizm, Azərbaycanda sufi təriqətləri, Ədəbiyyat, İncəsənətin növləri və Cənubi Azərbaycanın məşhur şəxsiyyətləri – sərlövhələri altında verilib.
Ölkəmiz haqqında məlumat “Azərbaycanın İslam mədəniyyətinə töhfəsi, kəşf olunmamış xəzinə” başlığı ilə dərc olunub. Bu hissə İslamın bölgəyə gəlişindən sonra azərbaycanlıların xilafətin elmi və mədəni həyatında mühüm rol oynadığından, Bərdə, Şirvan, Beyləqan, Bakı Naxçıvan, Gəncə, Lənkəran, Qarabağ və İrəvandan olan həmvətənlərimizin həm dini, həm də dünyəvi istiqamətdə böyük uğurlar əldə etməsindən söhbət açır. Daha sonra bildirilir ki, tarixi mənbələrdə Müsəlman dünyasının böyük şəhərlərində yaşayıb-yaratmış alimlər arasında azərbaycanlıların adlarına tez-tez rast gəlinir. Həmçinin, nəşrin bu bölməsində Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi dünya şöhrətli şairlər haqqında məlumat verilir. Eyni zamanda, azərbaycanlı sənətkarların memarlıq, xalçaçılıq, xəttatlıq, muğam, aşıq sənəti sahələrindəki rolu qeyd edilir.