“Avey” qoruğunda arxeoloji qazıntılar aparılıb, 12 qəbir aşkarlanıb (FOTO)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət tarix-mədəniyyət Qoruğunun Göyəzən filialı ərazisində aparılan kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar yekunlaşıb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, qazıntılar AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, arxeoloq Pərviz Qasımovun rəhbərliyi ilə “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun Göyəzən filialında elmi-arxeoloji qazıntılar və payız məktəbi” layihəsi çərçivəsində həyata keçirilib.

Göyəzən dağında yer səthindən təqribən 400 metr hündürlükdə yerləşmiş, düzbucaqlı olmayan qaya parçalarından inşa edilən 7 bürclü Göyəzən qalasının tədqiq edilib. Həmçinin Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilmiş gətirilmə sal və qaya parçalarının olduğu ərazidə arxeoloji qazıntılar aparılıb.

Tədqiqat işləri nəticəsində məlum olub ki, qalanın bürclərinin diametri 6, mövcud hissələri isə 4 metr hündürlüyə malikdir. Cənub-şərqdən, yəni giriş tərəfdən şimal-qərbə tərəf uzanan divarın uzunluğu, beş bürc də daxil olmaqla 111, qalanın dağa dayaqlandığı arxa hissəsinin uzunluğu isə 99 metrdir.

Qalanın inşasının tarixini müəyyən etmək üçün giriş hissəsinin şimal bürcünün ətəyində şurf qoyulub. Qazıntılar zamanı müəyyən edilib ki, qalanın bürclərinin ətrafları da qalanın tikintisində istifadə olunmuş səthi cilalanmamış qaya parçaları ilə doldurulub. Bu çeşidli üsul orta əsrlərdə bürc və divarların bərkidilməsi üçün istifadə olunurdu. Şurfdan çıxarılan qaya parçaları arasında Orta əsrlər dövrünə xas olan 200 ədəddən çox yerli şirli və şirsiz keramika fraqmentləri aşkar edilib.

Arxeoloji tədqiqatlar nəticəsində məlum olub ki, qala bölgənin islam dövrünə xas memarlıq üslubunda inşa edilib. Qalanın inşasının daha dəqiq tarixini müəyyən etmək üçün qazıntılar zamanı aşkar olunmuş nümunələrdən radio karbon analiz üçün götürülüb.


Qaladan 200 metr yüksəklikdə tam fərqli memarlıq üsulu ilə tikililər görünməkdədir. İlkin rəyə görə, kub formalı cilalı daşlardan hörülmüş bu divarlar çox ehtimal ki, antik və ya erkən xristian dövrü sakral xarakterli ibadətgahlar və sığınacaqlar olub. Bu tikililərə gedən cığırların təbii aşınması onlarda tədqiqatların aparılmasını çətinləşdirir.

Arxeoloji qazıntılar zamanı 12 torpaq qəbir aşkar edilib. Doqquz skeletdə əllərin sinə üzərində çiyinlərə doğru, çarpaz qoyulması, tabutun əlamətlərinin olmaması, şimal-qərbdən cənub-qərbə beli üzərində istiqamətlənmə birbaşa Qafqaz Albaniyasının orta əsrlər dəfn ənənəsini təkrar etməkdədir. Daha bir skelet biri sol çiyini üzərində lakin xristian adəti üzrə dəfn edilib. Digər skeletin sağ əli çiyinə doğru, sol əl isə, ona paralel lakin sağ çanağa doğru istiqamətlənib.

Daş qutu qəbirin aşkar edilməsi ərazidə ardıcıl olaraq yüzilliklər boyu Qafqaz albanlarının böyük bir xristian nekropolunun olmasını göstərir. Yaxşı cilalanmış daş qutu qəbirdə ilk orta əsrlərdə erkən alban xristianlığı üçün xas olan tərzdə dəfn qeydə alınıb. Dəfnlərdən tunc, mis və dəmirdən az sayda sırğalar, üzüklər, düymələr aşkar edilib.

Aparılmış qazıntılar Qafqaz Albaniyasına aid daha bir mühüm abidənin aşkar edilməsi ilə nəticələnib. 75 kvadratmetr olan qazıntı sahəsinin GPS koordinatları götürülüb, geodezik cihazlarla ölçmələr aparılıb.

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialında elmi-arxeoloji qazıntılar və payız məktəbi” layihəsi çərçivəsində qoruq ərazisinə turlar, məktəbli və tələbələr üçün ustad dərslər də təşkil edilib.

Teqlər: