İncəsənətin müxtəlif sahələri üzrə yaradıcı insanları
əməkdaşlığa dəvət edən “ART – EAST MEDİA GROUP” şirkətinin yeni
layihəsi – “Avanqard” Kamera Orkestrinin “CinemaHit” multimedia
şousu Azərbaycanın mədəni həyatında hadisədir. İdeyanın özəlliyi –
məşhur bəstəkarların kinofilmlərdə qorunan dahiyanə əsərləri
yenidən canlandırmaqdır. Məlumdur ki, kino üçün bəstələnmiş
musiqilərin əksəriyyəti yalnız köhnə lentlərdə qalıb, uzun illər
ifa edilməyib. Bu mənada “Avanqard” Kamera Orkestrinin təşəbbüsü
musiqi mədəniyyətinə və milli kino sənətinə böyük töhfədir. Layihə
orijinal performans kimi düşünülüb. Konsert proqramında sevimli
kinofilmlərdən ən maraqlı epizodlar görünür, səhnədə saundtreklərin
canlı ifası, məxsusi quruluş verilmiş xoreoqrafik kompozisiyalar,
işıq effektləri, teatral tüstü, atəşfəşanlıq – görüntünün, səsin
bir-birini ideal tamamlaması – tamaşaçının diqqətini səhnədən bir
an belə yayınmağa qoymur.
“CinemaHit” multimedia şousunun proqramı müxtəlif yaş
qruplarının və ən müxtəlif zövqlərin nəzərə alınması ilə tərtib
edilib. Belə ki, “CinemaHit” multimedia şousunda milli kinonun
“qızıl fondundan” nümunələr, məşhur Hollivud brendləri, uşaqların
sevimli cizgi filmləri növbələşərək əks olunur.
Layihə “Azərbaycanfilm” Kinostudiyasının, CinemaPlus
kinoteatrlar şəbəkəsinin dəstəyi ilə Bakının mərkəzindəki müasir
tamaşa salonlarından birində DTX-nın Mədəniyyət Mərkəzində
keçirildi. Konserti “Art-East Media Group” şirkətinin rəhbəri
Mirələskər Aslanov açaraq “Avanqard” Kamera orkestrinin Bədii
rəhbəri və dirijoru Arif Aslanovu səhnəyə dəvət etdi. Sonra
“Avanqard” Kamera orkestrinin ifasında ən sevilən kinofilmlərin
saundtrekləri yeni aranjimanda ilk dəfə olaraq tamaşaçılara təqdim
edildi.
Məşhur filmlərin unudulmaz musiqiləri, parlaq rəqs nömrələri,
xoreoqrafik kompozisiyalarla və cizgi filmlərindən tanış
fraqmentlərlə canlandı. İki saata yaxın davam edən konsert proqramı
tamaşaçıların alqışları ilə sona çatdı.
İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az,
Azernews.az