Audiovizual Şura 9 hüquqi şəxsin lisenziyasını ləğv etdi

Audiovizual Şura 9 hüquqi şəxsin lisenziyasını ləğv etdi

Audiovizual Şura ötən il 9 hüquqi şəxsin lisenziyasını ləğv edib.

AzerTimes xəbər verir ki, bu barədə Şuranın hesabatında bildirilib.

Qeyd olunub ki, Audiovizual Şura fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesi həyata keçirib.

İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə Caspium Group MMC-yə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün, “Media Art” şirkətinə, Metronet MMC-yə, Albax TV MMC-yə, Şam MMC-yə, Real Telecom MMC-yə, RA Technologies MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyalar, habelə İzone MMC-yə və Startelekom MMC-yə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Audiovizual Şurası tərəfindən verilmiş lisenziyalar ləğv edilib.

Ümumilikdə, 9 hüquqi şəxsin lisenziyası ləğv edilib.

Bununla da, hazırda, Azərbaycan ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin (redaksiyalarının və xidmətlərinin) tərkibi belədir:

11 ümumölkə yerüstü televiziya redaksiyası;

10 regional yerüstü televiziya redaksiyası (bundan 1-i Naxçıvan MR-da);

16 ümumölkə yerüstü radio radio redaksiyası;

4 regional yerüstü radio redaksiyası (bundan 1-i Naxçıvan MR-da);

10 peyk yayımı həyata keçirən platforma yayımçısı redaksiyası (bundan 8-i həm də regional yerüstü televiziya redaksiyasıdır);

16 peyk yayımı həyata keçirməyən platforma yayımçısı redaksiyası;

2 sifarişli yayım xidməti provayderi;

42 universal platforma operatoru;

8 sadə platforma operatoru;

2 multipleks operatoru.

Teqlər: