Qazaxıstanın Atırau şəhərində vilayət mərkəzinin girişində 4 nəzarət-buraxılış məntəqəsi qurulub.
AzerTimes-ın “Kazinform”a istinadən verdiyi məlumata görə, bu barədə akimatdan (şəhər administrasiyası) bildiriblər.
“Atırau vilayətində keçirilən antiterror əməliyyatı ilə əlaqədar olaraq, bölgədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq edilib. Hazırda vilayət mərkəzinin girişlərində dörd nəzarət-buraxılış məntəqəsi və doqquz mobil qrup fəaliyyət göstərir. Atırau Beynəlxalq Hava Limanı da gücləndirilmiş təhlükəsizlik tədbirləri rejimində işləyir. Burada da bütün sərnişinlər hərtərəfli yoxlanılır. Nəzarət-buraxılış məntəqələrində vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərlə yanaşı, şəxsi əşyaları yoxlanılır, nəqliyyat vasitələrinə baxış keçirilir”, – deyə akimatdan bildirilib.
Xatırladaq ki, Atırau vilayətində fövqəladə vəziyyət rejimi qüvvədədir. Komendant saatına əməl olunmasına polislə yanaşı, xüsusi mobil qruplar da nəzarət edir.