ATƏT-in sədrinin ölkəmizə rəsmi səfəri regionda sülhün qorunmasına xidmət edir – Naqif Həmzəyev

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 17 il ərzində iqtisadi imkanlarını, hərbi qüdrətini artıran ölkəmiz öz gücü sayəsində 30 ilə yaxın müddət ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olub.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, əslində, Azərbaycan, minlərlə insanın ölümünə və bir milyona yaxın azərbaycanlının doğma torpaqlarından zorla qovulması ilə nəticələnən münaqişəyə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən qeyd-şərtsiz və birdəfəlik çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı 4 Qətnaməsini, ATƏT-in qərarlarını yerinə yetirərək son qoydu.

44 günlük müharibədə qazanılan qələbə dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınan Azərbaycana diqqəti daha çox yönəltdi. ATƏT-in hazırkı sədri, İsveçin XİN başçısı Ann Lindenin ölkəmizə rəsmi səfəri Avropada sülhün qorunub saxlanılmasına və dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edən təşkilatın Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiyinin göstəricisidir.

Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı Prezident İlham Əliyev ATƏT-in Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilat olduğuna diqqəti yönəldib, nümayəndə heyətinin ölkəmizə səfərinin çox məhsuldar olacağını qeyd edib. İndi biz diqqəti gələcəyə cəmləşdirməliyik- deyən ölkə Prezidenti Azərbaycanın artıq işğaldan azad edilmiş ərazilərin bərpasının, yenidənqurma proqramının həyata keçirildiyini bildirib.

Ümid edirik ki, öz milli maraqlarına xələl gətirmədən bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilən Azərbaycanın beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, sülh və təhlükəsizlik kim prioritet məsələlərdə təhlükəsizlik sistemini müdafiə edən ATƏT-lə birgə əməkdaşlığı regionda bərqərar olan əbədi sülhə xidmət edəcək.

Teqlər: