ATƏT-in Minsk Qrupu ölkələrinin nümayəndələri guya bitərəf qalmaq və yaxud da… – Naqif Həmzəyev

Ola bilər ki, ATƏT-in Minsk Qrupu ölkələrinin nümayəndələri guya bitərəf qalmaq və yaxud da erməni diasporunun hikkəsi ilə üzləşməmək üçün Şuşaya səfərdən imtina ediblər. Şuşada reallaşdırılan çiçəklənməni görmək istəməyənlər gec, ya tez bunu görməyə məcbur olacaqlar.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Minsk Qrupunun həmsədr ölkələrinin səfirlik nümayəndələrinin Şuşaya səfərdən imtina etmələrinin müxtəlif səbəbləri ola bilər: “44 günlük Vətən müharibəsinin gedişində və post-müharibə dövründə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə, o cümlədən hərbi cinayət törədilmiş şəhərlərə səfərləri təşkil edilib. Bu səfərlər diplomatların törədilmiş terror əməllərinin canlı şahidi olması üçün təşkil edilirdi. Etiraf etmək lazımdır ki, bu səfərlərin, həqiqətən də, müsbət rolu oldu və digər dövlətlərdə real fikir formalaşdırdı. Nəticədə, ermənilərin iç üzü müəyyən qədər də ortaya çıxdı. Bildiyimiz kimi, iyulun 9-da diplomatların peşə bayramı günündə ölkəmizdə olan səfirlər Şuşaya səfərə getdilər. Lakin təəssüflər olsun ki, biz bu səfərdə həmsədrlərin nümayəndələrini görə bilmədik. ATƏT-in Minsk Qrupu onsuz da uzun illər boyu missiyasını reallaşdıra bilmədi və yaxud da yerinə yetirmək istəmədi. Beləliklə, biz Azərbaycan torpaqlarından işğalçı Ermənistan ordusunun çıxarılmasına sülh yolu ilə nail ola bilmədik. Danışıqlar prosesi çox uzandı və s. Nəticədə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu beynəlxalq təşkilatların 28 il ərzində həll edə bilmədiyi problemin öhdəsindən gəldi. Şükürlər olsun ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edə bildi. Bu gün dövlət şəhid ailələri və qazilərin sosial təminatının yaxşılaşdırılması istiqamətində tədbirləri həyata keçirir. Lakin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bu müddət ərzində ya bitərəf mövqe nümayiş etdirir ya da məsələ ilə bağlı konkret addımlar atmaqdan sanki çəkinirdilər. Səfərdə iştirak etməmək üçün də müxtəlif səbəblər ola bilər. Misal üçün, bu səfirliklərin nümayəndələri guya bitərəf qalmaq üçün və yaxud da erməni diasporunun hikkəsi ilə üzləşməmək üçün Şuşaya səfərdən imtina ediblər”.

N.Həmzəyevin sözlərinə görə, istənilən halda, reallıq və faktdır ki, Azərbaycan Şuşanı azad edib və hazırda Qarabağa qayıdış prosesini təşkil edir: “Prezident İlham Əliyevin nəzarəti altında Qarabağın yenidən qurulması istiqamətində proqramlar həyata keçirilir. Şuşada reallaşdırılan çiçəklənməni görmək istəməyənlər gec,ya tez bunu görməyə məcbur olacaqlar. Nəzərə almaq lazımdır ki, xüsusən Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsindən sonra regionda geostrateji istiqamətdə çox ciddi dəyişikliklər baş verib. Azərbaycan regionda bir güc olaraq qəbul edilir. Biz Şuşa səfərində iştirak edən bütün səfirliklərin rəhbərlərinə dərin təşəkkürümüzü bildirir və ümid edirik ki, səfərdə iştirak etməyən səfirlik nümayəndələri də yaxın gələcəkdə Şuşanı görəcək və sevinəcəklər. Çünki dövlətimiz təkcə Qarabağı azad etmədi, eyni zamanda, regiona sülhü gətirdi və indi də sülhü qorumaq üçün töhfə verməyə davam edir”.

Teqlər: