ATƏT-in Minsk Qrupu Cənubi Qafqazdakı vəzifəsinin öhdəsindən gələ bilmədi və indi o, yeni problemlərlə məşğul olmalıdır.
Bunu Trend-ə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşün yekunları üzrə bəyanatı şərh edərkən Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib. Qeyd edək ki, bu bəyanatda Minsk Qrupundan bəhs edilməyib.
“ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün yaradılıb, lakin qrupdakı ermənipərəst mövqeyə görə bu vəzifənin öhdəsindən gələ bilməyib. Ermənistanın mövqeyi belə idi: sonsuz danışıqlar aparmaq, bu danışıqların arxasında sanki pərdə arxasındakı kimi gizlənmək və Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində heç nə etməmək. ATƏT-in Minsk Qrupunun vəzifəsinin ğhdəsindən gəlməməyinin və vəziyyətin ikinci Qarabağ müharibəsinə çevrilməsinin səbəbi də bu idi”, – deyə S.Markov bildirib.
Rusiyalı politoloq qeyd edib ki, ATƏT-in Minsk Qrupu Fransanın əvvəlki balanssız mövqeyinə görə də mümkün vasitəçi kimi uğursuzluğa düçar oldu.
“ATƏT-in Minsk Qrupunun uğursuzluğu tamamilə göz qabağındadır. İndi ATƏT-in Minsk Qrupu yenidən danışıqlar prosesinə daxil olmaq istəyir, lakin qatar artıq gedib. Minsk Qrupu artıq bununla məşğul olmamalıdır. Bu şərtlər çərçivəsində Rusiya və Azərbaycan təklif edir ki, ATƏT-in Minsk Qrupu tamamilə uğursuz olduğu məsələ ilə deyil, yeni problemlərlə məşğul olsun. Burada söhbət nəqliyyat dəhlizlərinin, Zəngəzur dəhlizinin açılmasından, humanitar proqramların yaradılmasından, Azərbaycan və Ermənistan xalqları arasında qarşılıqlı münasibətlərdən, sərhədlərin tezliklə demarkasiyası və delimitasiyasına şərait yaradılmasından gedir. Bu, Minsk Qrupunun yeni missiyası, yeni vəzifələri ola bilər”, – deyə S.Markov bildirib.
Dünənki görüşdə E.Makronun Minsk Qrupunun həmsədri kimi deyil, Fransanın Avropa İttifaqına sədrliyi qismində çıxış etməsini şərh edərkən S.Markov vurğulayıb ki, Azərbaycan və Rusiya Fransanı Cənubi Qafqazda yeni reallığı qəbul etməyə məcbur edir.