Gürcüstanda səsvermə günü proses yaxşı təşkil olunub və qeyd etmək lazımdır ki, seçicilərin yeni texnologiyalardan istifadə ilə bağlı fəal təlimi və maarifləndirilməsi aparılıb. Lakin maliyyə resurslarında ciddi disbalans var idi və hakimiyyətdə olan partiyanın üstünlüyü qeyri-bərabər fəaliyyət məkanı yaradırdı.
AzerTimes xəbər verir ki, bunu ATƏT-in müşahudə missiyasının koordinatoru Paskal Alizar deyib.
O bildirib ki, seçki administrasiyası səsvermə gününə qədər seçiciləri məlumatla təmin etmək üçün xeyli səy göstərib:
“Oktyabrın 26-da keçirilən parlament seçkiləri seçicilərə kifayət qədər geniş seçim etmək imkanı verdi, belə ki, siyahıda 18 partiya təqdim olunub.
Bununla belə, qütbləşmə və bu yaxınlarda qəbul edilmiş qanunvericilikdən ciddi şəkildə təsirlənən atmosfer yaranıb. Onu da qeyd etmək yerinə düşərdi ki, namizədlər ümumilikdə sərbəst şəkildə təşviqat apara bilsələr də, təşviqat ritorikası, imic və obrazlar əhəmiyyətli parçalanma yaratdı. Təbliğat kampaniyası zamanı seçicilərə, dövlət məmurlarına və dövlət sektoru işçilərinə təzyiq halları geniş yayılıb. Qanunvericilik bazasına gəldikdə, bu, demokratik seçkilərin keçirilməsi üçün adekvat əsaslar yaratdı, lakin son dəyişikliklər bu qanunvericiliyin siyasi məqsədlər üçün istifadə edilməsinə şübhələr doğurur. Media mühiti dərin qütbləşməsi, mediadan siyasi təbliğat aləti kimi istifadə edilməsi, partiyaların proqramlarının qərəzsiz təhlilinin olmaması və partiyaların debatlarda iştirakdan imtina etməsi gərginliyin artmasına səbəb olub ki, bu da seçicilərin daha əsaslı qərarlar qəbul etmə imkanlarına təsir edib. Ümumilikdə, səsvermə günü yaxşı təşkil edilmiş və idarə olunmuşdu, lakin gərgin atmosfer və bir çox hədə-qorxu hadisələri ilə yadda qaldı”.