Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın “Qarabağın irsi” adlı fərdi rəsm sərgisi açılıb (FOTO)

İstanbulun Atatürk Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam
Nigar Helmi Abbasbəylinin Azərbaycan xalqının tarixi qələbəsinə
həsr olunmuş “Qarabağın irsi” adlı fərdi rəsm sərgisi açılıb.

AzerTimes-ın məlumatına görə,
sərginin açılış mərasiminə Türkiyənin Mədəniyyət və Turizm
nazirinin müavini Özgül Özkan Yavuz və Azərbaycanın İstanbuldakı
Baş konsulu Nərminə Mustafayeva da iştirak ediblər.

Mərasimdə çıxış edən nazir müavini “Əsərlərdəki rəng zənginliyi
və rəssamımızın işıqdan istifadə tərzi orada çiçəklənən ümidi və
güclü bir mədəniyyətin ölməzliyini bizə hiss etdirir. Bu sərgidəki
rəsmlər Qarabağda çiçəklənən ümidi göstərir. Biz birik, bir
yerdəyik, hər zaman Azərbaycanın yanındayıq. Bü günə qədər olduğu
kimi bundan sonra da iki ölkə arasında mədəni fəaliyyətlərimizi
daha da artırmaq əzmindəyik. Bu sərginin bütün azərbaycanlı
sənətçilərə ilham mənbəyi olmasını diləyirəm”, – deyib.

Abbasbəylinin bütün kolleksiyasının ilk dəfə İstanbulda
sərgilənməsindən məmnun olduğunu bildirən Azərbaycanın İstanbuldakı
Baş konsulu Nərminə Mustafayeva isə “Bu rəsmlər Azərbaycan və
Qarabağ üçün çox vacib simvollardır. Bildiyiniz kimi Qarabağ və
Şuşa bizim baş tacımızdır, mədəniyyətimizin beşidiyidir. Şuşanı
geri almağımız bizim üçün böyük qələbədir. Bu sərgi qələbəmizə həsr
olunub. Nigar Helmi Abbasbəylinin zəfərimizə həsr etdiyi bu sərgi
bizim üçün çox qiymətlidir. Qarabağ torpağı yenidən canlanacaq və
görəcəksiniz ki, bu ən gözəl və inkişaf etmiş bölgələrdən biri
olacaq. Türkiyə bu prosesdə hər zaman bizim yanımızda olub.
Fürsətdən istifadə edərək buradan cənab Rəcəb Tayyib Ərdoğana
təşəkkürlərimizi bildiririk”, – deyə qeyd edib.

Teqlər: