Atatürk hava limanında təyyarə qəzası yaşandı

Atatürk hava limanında təyyarə qəzası yaşandı

Hər gün yüzlərlə təyyarənin, o cümlədən Azərbaycandan uçan hava gəmirlərinin havaya qalxıb endiyi Türkiyənin ən böyük hava limanında qəza baş verib. Atatürk Hava limanında şəxsi təyyarə qəzaya uğrayıb.

İstanbuldan Kiprə uçmaq üçün havaya qalxan “Cessna Citation VII” tipli şəxsi təyyarədə texniki nasazlıq yaranıb. Pilot dərhal geri qayıtmaq istəyib və iki mühərrikli təyyarənin pilotları dərhal geri dönüş üçün icazə istəyiblər. Lakin təcili eniş zamanı təyyarə alovlanıb. Nəticədə yanan təyyarədən xilas edilən 4 nəfər yaralanıb. Onlardan ikisi pilot, biri stüardessa, biri isə sərnişin olub.

Eniş zamanı təyyarənin ön təkərlərində də nasazlıq yaranıb, hava yağışlı olduğu üçün o sürüşməyə başlayıb. Sürtünmə nəticəsində o alışaraq parçalanıb. Təyyarə eniş zolağından da çıxaraq hava limanının sərhəddinə 100 metr qalmış dayana bilib. Hazır gözləyən yanğınsöndürənlər dərhal alovun qarşısını ala biliblər. Qəza zamanı hava limanının işi dayandırılsa da, gecə saatlarında yenidən bərpa edilib.

Yaralılar isə dərhal xəstəxanaya çatdırılıblar.