Milyarder Fərhad Əhmədov barəsində ötən gün “Rusiyaya casusluq etdiyi üçün saxlanılması” haqda təsdiqlənməmiş iddialar bu məşhur şəxsi yenidən gözlər önünə sərir.
İllərlə Rusiyada yaşayıb-işləyən və milyardları da orada qazanan Fərhad Əhmədov hazırda niyə Azərbaycandadır? Fərhad Əhmədov niyə birinci nikahdan olan xanımından ayrılması və yüzmilyonlarla dollar dəyərində ölçülən yaxtası iləyaddaşlara köçüb? Nəhayət, Rusiya-Azərbaycan arasında əlaqələrin inkişafına görə Prezident İlham Əliyevdən “Dostluq” ordeni alan milyarder haqda niyə casusluq ittihamı ilə saxlanılması xəbəri yayılmalıdır?
AzerTimes Fərhad Əhmədovun bioqrafiyasına bir daha nəzər salır:
Fərhad Teymur oğlu Əhmədov – 15 sentyabr 1955-ci ildə Bakıda anadan olub. Əslinin Zəngəzura gedib çıxdığı bildirilir Uşaqlığı atasının işlədiyi Göyçay şəhərində keçib. Atası Teymur Fərəc oğlu Əhmədovun son iş yeri tikintisinə rəhbərlik etdiyi Göyçay Konserv zavodunun direktoru vəzifəsi olub. Teymur Əhmədov 1971-ci ildə sosialist əmlakının talanması ittihamı ilə həbs edilib və ən yüksək cəza tədbirinə – güllələnməyə məhkum edilib. Hökm 1973-cü ildə icra olunub (dəfn olunduğu yer 2012-ci ildə tapılıb).
Atasının həbsindən sonra F.Əhmədov 1971-ci ildə – on beş yaşında Azərbaycanı tərk etmiş və Moskvaya köçüb. Özünün dediyinə görə, Bakıdan gedərkən onun cəmi 48 manat pulu və minimal rus dili biliyi var idi. O, Moskvada 85 nömrəli texniki-peşə məktəbinə (çilingər-montajçı) daxil olur və məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılır (1975–1977-ci illər, HDD, baş serjant, tağım komandiri).
1978-ci ildə F.Əhmədov K.İ.Skryabin adına Moskva Baytarlıq Akademiyasına daxil olur və oranı 1983-cü ildə xəz məmulatlarının texnologiyası və əmtəəşünaslığı ixtisası üzrə qiyabi bitirir.
1986–1994-cü illərdə Londonda yaşayıb. İlk mərhələdə beynəlxalq bazarlarda xəz satışı ilə məşğul olur. Sonralar SSRİ-nin neft-qaz sənayesi üçün avadanlığın təchizatı, neft və neft məhsullarının satışı üzrə ixtisaslaşan “Tansley Trading” şirkətini yaradır və ona rəhbərlik edir.
1980–1990-cı illərdə Xəzər dənizi hövzəsində dərin sularda neft-qaz yataqlarının işlənməsi üzrə beynəlxalq layihələrdə bilavasitə iştirak etmişdir. Öncədən qurduğu əlaqələrdən istifadə edərək layihəyə Amerikanın “Amoco Eurasia Petroleum Corporation və McDermott International” neft şirkətlərinin cəlb edilməsinə şərait yaratmışdır. Əsas sənədlərin işlənib hazırlanmasında iştirak edərək “Əsrin müqaviləsinin” – müstəqil Azərbaycanla neft şirkətlərinin beynəlxalq konsorsiumu arasında Xəzərin enerji ehtiyatlarının işlənməsi haqqında sazişin (20.09.1994-cü ildə Bakıda imzalanıb) reallaşdırılmasına dəstək olduğu haqda tərcümeyi-halında qeyd var.
1995-ci ildə F.Əhmədov Şimali Sibirdə qaz yataqlarını işləyən “Nortqaz” şirkətinə minoritar səhmdar kimi daxil olur; eyni zamanda FARCO Securities investisiya şirkətinin Direktorlar şurasına rəhbərlik edir (1995–1998-ci illər) və “Nortqaz” Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar şurasına daxil olur (1994–2001-ci illər).
2002-ci ildə “Nortqaz” QSC-nin Direktorlar şurasına rəhbərlik edir. Qısa müddət ərzində şirkəti zərərli vəziyyətdən sabit mənfəətə gətirib çıxarır. 2005-ci ildə Rusiyanın qaz inhisarçısı “Qazprom”un təzyiqi altında “Nortqaz”ın səhmlərinin 51%-ni ona güzəştə gedir.
2012-ci ildə Əhmədov ona məxsus 49% səhmləri 1,375 mlrd. dollara “Novatek” şirkətinə satır və neft-qaz treyderi statusunu xüsusi investor statusuna dəyişir.
Sahibkarlıq fəaliyyətinə paralel olaraq İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin qiyabi aspiranturasını bitirib, iqtisad elmləri namizədidir.
2019-cu ilə olan vəziyyətə görə, şəxsi var-dövləti 1,4 mlrd. dollar təşkil edir (Rusiya milyarderləri sırasında 67-ci şəxs olub).
2004-cü ildə F. Əhmədov RF Federasiya Şurasında Krasnodar diyarının Administrasiyasının nümayəndəsi təyin olunmuşdur (2007-ci ilə qədər). Rusiya Federasiyasının qanunverici hakimiyyətinin ali palatasında təmsil olunan yeganə etnik azərbaycanlıdır.
2007-ci ildə Federasiya Şurasında Nenets Muxtar Dairəsinin Deputatlar yığıncağının nümayəndəsi təyin olunub (2009-cu ilədək).
2007–2010-cu illər ərzində Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Rusiya nümayəndə heyətinin işində fəal iştirak edib.
2015-ci ildə qırıcının vurulmasından sonra kəskinləşən Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılmasına töhfə verənlərdən olduğu bildirilir – Türkiyə Prezidenti ilə də görüşür.
2006-cı ildə F.Əhmədov ilk direktoru atası olan Göyçay Konserv zavodunu alıb.
2009-cu ildən etibarən Teymur Əhmədov adına “AZNAR” Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar şurasının sədri və səhmdarıdır.
Tərcümeyi-halında 2020-ci ilə olan vəziyyətə görə iş adamının Azərbaycandakı layihələrə qoyduğu maliyyə vəsaitlərinin ümumi həcminin 200 mln. dollardan artıq olduğu bildirilir.
Üç dəfə evli olub. Həmin nikahlardan altı övladı var:
* Anna Əhmədova (1979-cu il təvəllüdlü)
* Süleyman Əhmədov (2013-cü il təvəllüdlü)
* Ariya Əhmədova (2017-ci il təvəllüdlü)
* Adam Əhmədov (2020-ci il təvəllüdlü)
Həyat yoldaşı – Anna Əhmədova (Adamova), 1983-cü il təvəllüdlü.
F.Əhmədov “Nortqaz” QSC-dəki payını satdıqdan dərhal sonra onun keçmiş həyat yoldaşı – 2000-ci ildən etibarən Rusiyada boşanmış olduğu Tatyana Əhmədova Londonda məhkəmə iddiası qaldırıb. 2016-cı ilin dekabrında London Ali Məhkəməsi iddiaçının tərəfini tutub, “birgə qazanılmış əmlak”dan onun nəfinə 453 mln. funt sterlinq ($585 mln. və ya 41,5%) təyin edib. Qərar F.Əhmədovu apelyasiya vermək texniki imkanından məhrum edən formada qəbul edilib.
Məhkəmənin bu mövqeyinə məhkəmə F.Əhmədovdan əsassız olaraq “Qazprom” və “Novatek”in kommersiya sirrini təşkil edən sənədləri tələb etdikdən sonra F.Əhmədovun onunla əməkdaşlığı rədd etməsi səbəb olmuşdur.
F.Əhmədov məhkəmənin qərarını rədd edib, bundan sonra məhkəmə onun aktivlərinin dondurulması haqqında beynəlxalq order verib. Daha sonra T.Əhmədova müvəffəqiyyət qazandığı təqdirdə ona çatacaq məbləğin 30%-i müqabilində Burford Capital beynəlxalq hüquq şirkəti ilə razılaşmışdır.
Məhkəmə çəkişməsinin episentrində F.Əhmədovun ailə üzvlərinə məxsus, London məhkəməsinin orderi əsasında 2017-ci ilin oktyabrında Dubayda üzərinə həbs qoyulmuş “Luna” yaxtası dururdu. İkiillik proses 2019-cu ilin oktyabr ayında F.Əhmədovun nəfinə qərar çıxarılmaqla və gəminin üzərindən həbsin götürülməsi ilə başa çatdı. Dubay məhkəməsinin qərarının əhəmiyyətli təsiri “Burford Capital”ın səhmlərinin 75% aşağı düşməsi oldu.
Dubaydakı uğursuzluğa baxmayaraq, T.Əhmədova və Burford Capital F.Əhmədova qarşı Podmoskovye məhkəməsinə iddia verməyə çalışır (rədd edilib), 2020-ci ilin yanvar ayında isə Londonda yeni – artıq Fərhad və Tatyana Əhmədovların böyük oğlu Teymura qarşı iddia qaldırılır.
F.Əhmədov “Nar festivalı”nın – noyabr ayının ilk ongünlüyündə Göyçay rayonunda keçirilən mədəni-kütləvi tədbirin təşəbbüskarı və əsas sponsor olub. Ancaq 3 ildir “Nar festivalı” keçirilmir. Səbəbi isə açıqlanmır.
Yeri gəlmişkən, 15 sentyabr 2020-ci il tarixdə Azərbaycanın Prezidenti İlham Əliyev Fərhad Teymur oğlu Əhmədovun Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması haqqında fərman imzalayıb.
F.Əhmədovla bağlı maraqlı məlumatlardan biri rəsm əsərlərinə meyilidir. O, 2015-ci ildə məşhur Amerika rəssamı Mark Rotkonun “Untitled Yellow and Blue” adlı rəsm əsərini 46.5 mln. dollara alıb.
Ovçuluqla məşğul olur.