Xəbər - İlhamə İsabalayeva – Trend:
Cəmiyyətin nüvəsi olan ailə elə olmalıdır ki, orada qorunmalı olan qız və qadınlar təhlükəyə məruz qalmasınlar. Biz bu istiqamətdə hədəf qruplarını düzgün müəyyən etməliyik.
AzerTimes-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, bəzi ailələrdə qız və oğlan uşaqları köhnə adət-ənənə ilə yaşamaq istəmədikdə, düşüncəsinə görə daha müasir yanaşma ilə hərəkət etmək istədikdə gənc nəsil ilə yaşlı nəsil arasında ziddiyyətələr yaranır.
B.Muradova istənilən cəmiyyətin ailədə qadına münasibəti ilə seçildiyini da xatırladıb:
“Bəzi hallarda mənfi stereotiplərin milli-mənəvi dəyər, adət-ənənə adı ilə cəmiyyətdə qalmasına çalışılır. Daşlaşmış stereotiplərin aradan qaldırılması üçün hər kəs hərəkət etməlidir. Bu məsələdə mətbuatın rolu xüsusilə vacibdir. Bəzən ailədəki məsələlər barədə danışılarkən fikir əsas problemə deyil, başqa məsələlərə yönəldilir. Buna görə də bu istiqamətdə ictimai müzakirələr aparılmalı, layihələr reallaşdırılmalıdır. Bu layihələr reallaşdırılır. Ancaq çox təəssüf ki, biz istədiyimiz nəticəni ala bilmirik. Düşünürəm ki, zorakılıq göstərən şəxslər bu layihələrin əsas hədəf qrupları olmalıdırlar. Atalarla, ailə başçıları ilə, ailədəki gənc oğlanlarla belə layihələrin həyata keçirilməsi məqsədəuyğun sayılır. Biz bu istiqamətdə səylərimizi göstəririk”.