Atakişiyevin təyyarəsinə atəş açılıb… – Qayınatası sirləri açdı

Atakişiyevin təyyarəsinə atəş açılıb… – Qayınatası sirləri açdı

Ötən gün Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü idi. 7 yanvar 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olan Rəşad Saləddin oğlu Atakişiyev ilk təhsilini Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. 2002-2006-cı illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbində təhsil alıb, uçuş mühəndisi ixtisasına yiyələnib, pilot kimi fəaliyyətə başlayıb. 2019-cu il iyulun 24-ü saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Azərbaycan Müdafiə Nazirliyinin həmin il avqustun 19-da verdiyi məlumata görə, təyyarənin qara qutusu tapılıb. Bir gün sonra isə pilotun nəşi tapılıb. 2019-cu ilin 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi İkinci Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

AzerTimes xəbər verir ki, politoloq Qabil Hüseynli kürəkəni – şəhid pilot R.Atakişiyevin təyyarəsinin Xəzər dənizinə düşməsi hadisəsi ilə bağlı bəzi məqamları Medianews.az-a açıqlayıb.

O, pilotun komandirinin söylədiklərinə istinad edərək, həmin gün şərti düşmənin məhv edilməsi üçün təlimlər keçirildiyini dilə gətirib:

“Hərbi hissə komandiri bildirib ki, həmin vaxt real döyüş şəraitinə uyğun təlim keçirilib. Təlim zamanı şərti düşmən təyyarəsinin vurulması Rəşad Atakişiyevə tapşırılıb. O, şərti düşmən təyyarəsinin ətrafında 360 dərəcə dövrə vurduqdan sonra top atəşi ilə hədəfi məhv edib. Komandir əməliyyatın uğurla başa çatdığını söyləyərək hər üç pilota bazaya dönmək əmri verib. İki təyyarənin pilotu əmrə reaksiya verib və bazaya geri döndüyünü bildirib. Lakin Rəşadın təyyarəsindən hər hansı cavab verilməyib. Komandir yenə rabitə əlaqə vasitəsi ilə bazaya qayıtmaq barədə əmr verib və əmrin eşidilib-eşidilmədiyini soruşub. Yenə də Rəşadın təyyarəsindən əmrə hər hansı cavab verilməyib. Dərhal hərbi hissə ilə əlaqə saxlanılıb və bildiriblər ki, Rəşadın təyyarəsi radarlardan bir an öncə itib. Bundan sonra digər təyyarələr uçuş aparılan ərazidə bir neçə dövrə vurublar, yanacaq az olduğuna görə bazaya qayıdıblar. Axtarış helikopterləri və əlavə təyyarələr havaya qaldırılıb, təlim akvatoriyası araşdırılıb, amma Rəşadın təyyarəsinin izinə rast gəlinməyib. Təxminən bir ay davam edən axtarışlardan sonra təyyarənin Xəzər dənizinə düşdüyü yer müəyyən olunub, həm Rəşadın nəşi, həm də təyyarənin qara qutusu tapılıb”.

Baş vermiş hadisədə xarici ölkə izinin olub-olmamasına aydınlıq gətirən politoloq Q.Hüseynli bildirib ki, təyyarə deyildiyi kimi quş sürüsünə çırpılmayıb, ona kənardan müdaxilə olunub, uzaq məsafədən atəş açılıb:

“Rəşad Atakişiyevin həmin gün idarə etdiyi MiQ-29 təyyarəsi yeni təmirdən çıxmışdı. Hərbi nəqliyyat vasitəsində hər hansı texniki nasazlıq yox idi. Üstəlik, pilot Rəşad Atakişiyevin peşəkarlığına söz ola bilməzdi. Onun kimi peşəkar ikinci pilot tanımıram. Müdafiə Nazirliyi təyyarəyə kənardan müdaxilə faktını önə sürmüş, təyyarənin quş sürüsü ilə rastlaşdığını bildirmişdi. Əgər quş sürüsü ilə rastlaşma varsa, pilot bunu dərhal bilir və təyyarəni xilas etməyin mümkünsüzlüyünü başa düşərək katapult edir. Nəticədə texnika sıradan çıxsa da pilot özünü qoruyub saxlaya bilir. Lakin təəssüf ki, bu, belə olmayıb. Ona görə də ehtimal edirəm ki, təyyarəyə quş sürüsü çırpılmayıb, ona kənardan hansısa formada müdaxilə olunub, uzaq məsafədən atəş açılıb. Məhz bu atəş nəticəsində hərbi təyyarə sıradan çıxmaqla yanaşı, pilot ölümcül xəsarət alıb. Prokurorluq və Müdafiə Nazirliyinin apardığı araşdırmalarda isə gəlinən qənaət budur ki, təyyarə quş sürüsü ilə qarşılaşıb, quşların təyyarənin pərlərinə daxil olması nəticəsində texnika sıradan çıxıb”.

Teqlər: